Bunun adı yoxdur... - Eynulla Fətullayev yazır

Xəbər verildiyi kimi, İran Hörmüz boğazında üç tankeri hədəfə aldı, ABŞ dərhal cavab zərbələri endirdi, SEPAH isə Küveyt və Bəhreyndə yerləşən 85 Amerika hərbi obyektini vurduğunu bəyan etdi.

Jul 8, 2026 - 13:31
Bunun adı yoxdur... - Eynulla Fətullayev yazır

Bəs sülh? Görünən odur ki, sülhün yeni çöhrəsi yaranır.

Görünür, biz hiss etmədən əski sözlərin öz ilkin mənasını itirdiyi bir dövrə adlamışıq. "Müharibə" — başlanğıc və son, rəsmi elan və kapitulyasiya, qaliblər və məğlublar deməkdir. "Sülh" isə döyüşlərin səngiməsi, diplomatik əlaqələr və maneəsiz gəmiçilikdir. İndi artıq nə birinin, nə də digərinin saf, xalis forması qalıb. 

Masadakı danışıqlardan meydandakı zərbələrə və əksinə uzanan elə bir kəsilməz spektr yaranıb ki, tərəflər eyni anda həm döyüşür, həm sövdələşir, həm hücum edir, həm də sazişlərə imza atırlar.

İran Qətərə məxsus tankerə hücum edir - rəsmi Tehranla danışıqlarda vasitəçilik edən Qətər isə sabiq ali rəhbərin dəfn mərasiminə nümayəndə heyəti yollayır. ABŞ İrana zərbələr endirir - və eyni andaca ondan nüvə sazişi üzrə yeni təkliflər gözləyir. Hörmüz boğazı "açıqdır" - amma eyni zamanda onun sularında üç gəmi alovlar içində yanır.

Bəlkə də, baş verənləri artıq "barışıq" adlandırmaqdan vaz keçib həqiqəti etiraf etmək daha dürüst olardı: bu, hələlik dəqiq adı belə tapılmayan yeni bir normallıqdır. Nə müharibədir, nə sülh; ikisinin arasında qalan bir nəsnə — hər bir tərəfin öz qaydalarını diktə etdiyi, onları qanuni saydığı və başqalarının qaydalarını çeynədiyi idarəolunan bir qeyri-sabitlikdir.

Ən qorxulusu isə budur: biz artıq buna alışırıq.

Eynulla Fətullayev