Deputat Fəzail İbrahimli qarpızsatanı POLİSƏ VERDİ - "Niyə ağ çıxıb?"
Bakı sakini deputat Fəzail İbrahimli ilə bağlı şikayət edib.
SAVASHMEDİA.az xəbər verir ki, 42 yaşlı Xəyal Əsədov avqustun 3-də Yeni Yasamalda meyvə-tərəvəz satdığı yerdə deputatla mübahisə etdiyini bildirib.
Əsədovun sözlərinə görə, həmin gün yaşlı bir kişi ondan qarpız alıb. Qarpızlardan birinin içinin ağ çıxmasından sonra aralarında mübahisə yaranıb. O, qarşısındakı şəxsin deputat Fəzail İbrahimli olduğunu bilmədiyini və nalayiq ifadə işlətmədiyini deyib.
Şikayətçinin iddiasına görə, hadisədən sonra polis əməkdaşları onu bölməyə aparıb. O, deputatı bıçaqla hədələməkdə ittiham edildiyini, lakin ərazidəki kamera görüntülərinə baxıldıqdan sonra belə halın olmadığı müəyyənləşdiyini bildirib. Əsədovun sözlərinə görə, ertəsi gün 50 manat cərimə edilərək sərbəst buraxılıb.
Əsədov daha sonra işlədiyi satış yerinin söküldüyünü və bunun nəticəsində dörd uşağını dolandırmaq imkanının çətinləşdiyini iddia edib.
Məsələ ilə bağlı Musavat.com Fəzail İbrahimli ilə əlaqə saxlayıb. Deputat bildirib ki, məsələ ilə aidiyyəti qurumlar məşğul olur və şikayətçinin səsləndirdiyi iddialar doğru deyil.