Düşündürən düşüncələr
Pivənin reklamında belə bir ifadə səsləndi: “Sərinləşdirici buğda dadı...”.
Sən buğdanın dadını bilirsən? Buğda çörəyini yəqin ki, yemisən. Buğda unundan hazırlanmış bişintilərə də bələdsən. Amma buğdanın dadını heç birimiz bilmirik.
Buğdanı toyuqlar yeyir. Dadını da onlar bilər.
Lakin toyuq pivə içmir ki, müqayisə etsin...
* Milyon dəfə (yox, bir qədər az) eşitmisən “soyuq silah, soyuq silah”... Bəs soyuq silah nədir? Bir az başa düşürsənsə, deyəcəksən bıçaqdır. Daha artıq anlayırsansa, əlavə edəcəksən: balta, mişar, çəkic...
Bəs bıçaq mətbəx ləvazimatı deyilmi? Balta, mişar, çəkic də, mənim anlamımda, fəhlənin peşə alətləridir.
Yox, lap agıllısansa, xırdalayacaqsan: “İti yeri (ülgücü) müəyyən ölçüdə olan bıçaq”.
Hansı ölçüdə? İnsanı adi üzqırxan ülgüclə də öldürmək mümkündür. Con Uik düşməni o dünyaya kitabla vasil etdi... Kitab isə nə soyuqdur, nə isti. Heç silah da sayılmır.
* Mollun girəcəyində iki nəfər “şaqqalı” (yekəpər) kişi insanların üstünü həyasız (çıxardığı səsə görə) cihazla yoxlayırdı. Məhz üstünü və paltarının altını, üst-başını yox. Bəlkə kim isə başında terrorçu fikirlərlə gəlib, onu necə tərki-fikir edəsən?
Nəzarətçidən soruşdum:
– İçəriyə bıçaqla keçmək olar?
Qəribə baxdı:
– Yox.
– Bəs içəridə bıçaqla gəzmək olar?
Qəribə N2. Donub. Cavab vermir. Bəlkə buna görədir ki, qapıda durub. Aydınlaşdırdım:
– Ehtiyat edirsiniz ki, kim isə içəridəki şəxsi – satıcını, qonşusunu, arvadını, tanışını öldürmək istəyir. O adam isə silahsız keçir, mağazalardan birinin mətbəx ləvazimatı şöbəsindən ən yekə bıçağı alır və çirkin niyyətini həyata keçirir. Necə mane olacaqsan?
Öküz boyda kişilər bir-birinə quzu baxışları ilə baxdılar. Bu cür “çətin” məsələni rəisləri də düşünməmişdilər...
* Sən isə düşün: belə niyyəti olan şəxs cinayəti mollda, yüzlərcə şahidin gözləri qarşısında niyə etsin? Bu qələti evdə, həyətdə, qaranlıq küçədə etmək rahat olmazdımı?
Eyni zamanda fikirləş: əgər dükandan yekə (ortabab, xırda) mətbəx bıçağı alıb evə getdiyin zaman yanında cinayət baş verər, yoxlayanda səndə “soyuq silah” taparlarsa, nə deyib (söyləyib, verib) canını qurtarmalısan? Yoxsa yenə “dayı”na zəng etməlisən, qocanı dəng etməlisən?..
* “Ukrayna özünü bombalatmaq üçün Rusiyaya bəhanə verdi”. Guya Rusiyanın nə vaxtsa bəhanəyə ehtiyacı olub...
“Seçilsəm, andiçmə mərasimini gözləmədən 1 (bircə) telefon zəngi ilə Rusiya-Ukrayna müharibəsinə 24 saat ərzində son qoyacağam”.
Sonrakı dövrdə müddət və vasitələr dəfələrlə dəyişib. Onun boş sözlərinin, bekar vədlərinin ardınca çatışmaq olmur. O gün isə bildirdi ki, Ukraynada savaşı dayandırmaq “ölkələr arasındakı böyük düşmənliyə görə və Putinlə Zelenskinin bir-birinə nifrəti səbəbindən” çox müşkül məsələdir.
Əbləh qanlı müharibəni parkda iki uşağın dalaşmasına bənzədib dedi: “Bəzən onlara bir qədər döyüşmək imkanı vermək yaxşıdır”.
Hər an insanlar həlak olur, hər gün evlər dağılır, yanır. Onlarca ölkə pulunu çörəkdən, firavanlıqdan kəsib silaha xərcləyir, bu ifrit isə deyir “bir az da dalaşsınlar”. Bunu kim deyə bilərdi? Yalnız alçaq məxluq!! Adını çəkmədim, çünki ehtiyac yoxdur. Onu hamı tanıyır, ondan hamı iyrənir. (Şəxsən mən – gündə bir neçə dəfə!).
* İki pozğun uşaq – Donald və İlon – sosial şəbəkələrdə açıq şəkildə dalaşdılar. Lap parkdakı iki vələdüzzina kimi. Prezident dünyada ən varlı biznesmeni şirkətlərini dövlət maliyyə yardımından məhrum edəcəyi ilə hədələdi. Mask isə cavabında bildirdi ki, “Draqon” ("Dragon") kosmik gəmisinin istismarını dayandırır. Yəni, “get, Roqozin səni kosmosa qaldırsın”.
Bəlkə də bu yazı çıxanadək Tramp və Mask sözlərini dəyişəcəklər, geri götürəcəklər. Özlərinin və bir-birinin tüpürdüyünü yalamaq bu iki puçluq üçün qida mənbəyidir.
A.ƏZİZ