Hacıbəyli həmin qadından MİT-ə şikayət etdi - "Burada deyiləsi mümkün olmayan..."
Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli Türkiyə MİT başqanı İbrahim Kalına müraciət edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Gültəkin Hacıbəyli müraciətində saxlanıldığı Çatalca Geri Göndərmə Mərkəzində özünü Canan Ulusoy kimi təqdim edən bir xanımla görüşündən bəhs edib:
"Bu gün saxlanıldığım Çatalca Geri Göndərmə Mərkəzinə özünü Canan Ulusoy kimi təqdim edən bir xanım gələrək mənimlə görüşdü. O, bildirdi ki, Ankarada Kamil Tağıyev adlı bir vəkilin bürosunda çalışır və hazırda Kamil Tağıyev Moskvada səfərdədir. Canan xanım dedi ki, əgər mən qəbul etsəm Kamil Tağıyev mənim vəkilim olmaq istəyir və o, eyni zamanda mənə burada deyiləsi mümkün olmayan siyasi mesajlar çatdıracaq.
Mən qətiyyətlə bildirdim ki, Moskvadan heç bir siyasi mesaj gözləmirəm və qəbul etmirəm. Mənim bütün siyasi fəaliyyətimdə Rusiyanın imperiya siyasətinə qarşı mübarizə həmişə əsas istiqamətlərdən biri olub. Ona görə də Moskvaya bağlı olan və ya oradan mesaj çatdırmaq istədiyini deyən vəkil mənə lazım deyil. Mən Rusiyadan gələcək hər hansı dəstəkdənsə, Türkiyə həbsxanasında yatmağı üstün tuturam".
O, daha sonra bildirib:
"Türkiyə Milli İstihbarat Təşkilatına, onun rəhbəri İbrahim Kalına səslənirəm. Türkiyə ərazisindəki qapalı geri göndərmə mərkəzinə gəlib Moskvadan məxfi mesaj çatdırmaq istəyən şəxslərin kimliyini və bağlantılarını araşdırmağı sizdən rica edirəm".
Qeyd edək ki, Gültəkin Hacıbəyli artıq 20 gündən çoxdur Türkiyədə saxlanılır. O, Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb edilməsi məqsədilə Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında tutulub.
Oğuz