İtdən öyrən, adam ol - 4
İt nümayiş etdirir ki, əsl sədaqət necədir. Çünki əhatəmiz bizə ehtiyatlı olmağı, çox güclü bağlanmamağı, təminatsız etibar etməməyi, sona qədər açılmamağı öyrədir.
Hətta məhəbbət də çox zaman qeyd-şərtlə keçir. O vaxtadək ki, hər şey yaxşıdır, səndən narazılıq yoxdur, tələblərə uyğun gəlirsən. İt isə belə şərtlərdən məlumatsızdır. O, səni tərəzidə çəkib qiymətləndirmir, analiz etmir, təsdiqləmə istəmir. Onun sədaqəti sənin uğurundan asılı deyil. Xəstəsənsə – yanında uzanır. Qəzəblisən – səndən aralanmır. Sən qəmli olanda – yenə ayrılmır, qalır.
İt səni səndən daha cavan, şən, uğurlu, gözəl, güclü adama dəyişmir, heç kəslə müqayisə etmir, səndən də yaxşısını axtarmağa yollanmır. (Bilirəm bu yerdə kişilər nə fikirləşirlər...). Sədaqət bir jest, qayda, borc deyil, münasibətin əsası, təməli məğzidir. İt isə bunun canlı təsdiqidir. Başqası daha artıq təklif etsə də, daha gözəl şərait yaratsa da, İt onu seçməyəcək. Yağışda, qarda, soyuqda, qızmarda, səs-küydə və sükutda o, yalnız səni gözləyəcək.
Nə etməli: insana xatırlatmaq lazımdır ki, xirdalıqlarda da xoşbəxtlik var. Bu işi İt görür. Həyat nəticə qazanmaq, tanınma, pul, sabitlik uğrunda amansız yarışa çevrildikdə, insan adi şeylərə sevinmək qabiliyyətini asanlıqla itirir. Bu zaman sənə heç nə kifayət etmir, çox şey gözünə az kimi görünür. Sən hər şeyi ölçüsü, miqyası, faydası ilə qiymətləndirirsən. Amma İt heç nəyə belə kateqoriyalarla yanaşmır.
Səhər döşəməyə düşən günəş şüası, isti şal, gəzməkdə yeni cığır, sənin pilləkənlərdə addımların, ona çəkdiyin tumar, əlinlə kiçik alma parçasını verməyin – bunlar İt üçün xoşbəxtliyi duymağa kifayətdir. Özünün hər reaksiyası ilə İt bildirir – böyuklük xırdanın içərisindədir. Yalnız ayaq saxlayıb baxmaq, hiss etmək lazımdır.
Əgər sadəcə yanındasansa, İt buna da sevinməyi bacarır. O, sənin səsinə, nəfəsinə, qoxuna, baxışına şaddır. Xoşbəxt olmaqdan ötrü ona heç bir qeyri-adi hadisə tələb olunmur. Bunu birgə yaşayış zamanı anlamağa başlayırsan. Pəncərənin önündə əlavə 1 dəqiqə durduqda, daha artıq seyr etdikdə, ona görə yavaş yeridikdə, gözlərinə göz dikdikdə, corabını qaçırıb səni güldürdükdə birdən anlayırsan ki, sənə elə bu cür xırdalıqlar çatmırdı.
İt səni xeyirxahlığın mövcudluğuna inandırır. Axı elə anlar olur ki, xeyirxahlıq sənə uydurma kimi görünür. İnsanlar – qaba, kobud; sözləri – iti, kəsici; ətraf – səs-küylü olur. Birinci dəfə – aldanırsan, ikinci dəfə – inanmırsan, üçüncü dəfəyə artıq qapanırsan. Düşünürsən ki, etibar etmək – təhlükəlidir, açıq danışmaq – sadəlövhlükdür, xeyirxahlığa inanmaq – faydasızdır, maymaqlıqdır. Həyatının məhz belə dövründə yanında İt varsa, hər şey dəyişir. İt hər hansı pafossuz, ədasızdır. O, ən sadə səmimiyyətlədir, hiyləsi yoxdur, niyyətini gizlətmir, rola girmir. Yanında olmaq istəyir. Elə-belə. Arxanca getmək istəyir.
Ona görə yox ki, bu cür etmək lazımdır. Çünki münasibəti məhz belə duyur. Sənin əlini yalayır. Ona görə yox ki, dadlı yem vermisən. Çünki səni öz adamı sayır. Onun hər baxışı, hər “ah” çəkməyi ilə anlamağa başlayırsan: bu dünyada xarab olmamış, çürüməmiş hələ nə isə var. Nə isə hələ də əvvəlkitək təmiz, saf, xeyirxahdır. İt heç bir böyük, dahiyanə hərəkət etmir, lakin hər gün kiçik möcüzə yaradir – xeyirxah olmaqda qalır. Bununla bizi öyrədir: xeyirli iş tutmaqdan qorxmaq, çəkinmək lazım deyil.
Əgər səni sevən başqası yoxdursa, İt saxla – seviləcəksən. Varsa da saxla – fərqi duya biləcəksən. Kimliyindən, necəliyindən asılı olmayaraq o, səni qəbul edəcək.
İnsan çox zaman rola girir, özünü başqa cürə təqdim edir, vəziyyətə uyğun gəlməyə çalışır, əzginliyini gizlədir, güclü görünmək istəyir. Hətta yaxınlarına da həqiqi halını – qəmini, çaşqınlığını, zəifliyini ifadə etmirsən.
Budur, həyatında mehriban canlı peyda olur. Heç nəyi dəyişməyə çağırmır, ləğv etməyə səsləmir, hərəkətlərinə qiymət yazmır, səni qınamır, müqayisə etmir. Sən özünün xoşuna gəlmədiyin halda İt səni olduğun kimi qəbul edir. Qıcıqlanmısan – yanında oturur, üşüyürsən – uzanıb səni qızdırır. Axı İtin bədən temperaturu insanınkından yüksəkdir. Ən ağır gündə qarşılayır, oynaq quyruğu, şirin səsi ilə salamlayır. Sənin uğurlu, şən, məhsuldar olmağın və ya olmamağın onun üçün məna kəsb etmir. Ona bircə şey lazımdır – sən olasan! Lap tost kimi səsləndi...
Sənin başqa cür, daha yüksək dəyərdə olmağını tələb etməyən canlı ilə birlikdə, yanbayan yaşamaq nadir xoşbəxtlikdir. Axı sənin hər cəhətin – səsin, qoxun, hərəkətin onu razı salır, tanış və doğmadır. Səhv etsən, günah işlətsən – səndən dönməyəcək. Yıxılsan – qorxub qaçmayacaq. Uzun müddət sussan – atıb getməyəcək. Bütün hallarda yanında qalacaq, çünki heç nəyə baxmayaraq, kənar amillərdən asılı olmayaraq onun dünyasının mərkəzisən.
İtin, canlı dostun olmalıdır. Axı bəzən insana söz, müzakirə, məsləhət yox, adi toxunuş lazımdır. Səmirsiz, hərarətli. Qucaqlamaq quru jest deyil, “Sənin olmağın mənim üçün vacibdir” kimi gözəl fikrin ifadəsidir.
Lakin həyatda qucaqlaya biləcəyin insan yanında tapılmır. Uşaqlar, hətta bəzi böyüklər də kuklanı qucaqlayıb uzanırlar. Amma oyuncaq canlı deyil, səni öz ağuşuna almır. Bu boşluğu İt doldurur – canlı Can! Onu özünə sıxırsan, o da sənə sıxılır. Yalayır, qızdırır. Doğrudur, İt insan kimi qucaqlaşmağı bacarmır. Buna ilk növbədə fizioloji fərq yol vermir. Lakin sənin ağuşunu qəbul edir. Bərk sıxanda – donur. Duyur ki, bununla pozitiv hisslərini ifadə edirsən.
Hava soyuq ola bilər. Evdə hərarəti sobanın köməyi ilə artırmaq mümkündür. Amma qızdırıcını qucaqlamaq canlının bədən və qəlb hərarətinin əvəzini verə bilməz. Bundan ötrü İt var.
Soyuqluq sözdə, əməldə, boş otaqların sükutunda özünü göstərir. Hətta hər şey yaxşı görünsə də, nə isə çatmır – həqiqi, isti, fiziki surətdə duyulan. İt belə hərarəti doğrudan da yaradır. Yanında oturur, sənə sıxılır. Bəzən sənin kimi yuxulayır. Hətta nənən kimi xoruldayır. Onun ürək döyüntüsü həmin axşamın ritminə çevrilir. O, heç işığı söndürməməyi də tələb etmir. Çünki özündən ötrü qorxmur, səni isə qaranlıqda da mərdliklə qoruyar.
Bu hərarət, bu məhəbbət öz dörd ayağı üzərində yanına gəlib sifətini sənə uzadır, nəm burnunun ucunu boynuna yapışdırır və sənin ağuşunda donub qalır.
Belə sədaqətli dostla insan qocalıqdan, tənhalıqdan qorxmaya bilər. Çünki bütün əzizlərin öz həyatını sürür, öz işindədir, öz problem və sevincini yaşayırlar. Atadan, anadan olduğun günləri ötürmür, təbrik edirlərsə, inan, böyük şeydir.
Qoca insan sanki gözə görünmür. İndiki cavanlar bəlkə də görmədiklərinə görə qocaya yol, yer vermirlər. Bəzən, amma əvvəlkindən daha tez-tez. Bu səbəbdən bir çox qoca özünü unudulmuş, yolun kənarına atılmış kimi hiss edir. Başqaları ondan üz döndərir, irəli tələsir. Onun düşüncələri də düşündürür, bugünkü əhvalı da kədərlidir, gələcəyinin də işığı günbəgün azalır. Bu zaman yanında səni anlayan, sevən, dəyərləndirən İt varsa, qocalıq daha sönük olmur.
Bəzən bu iki dost eyni vaxtda qocalır. İkisi də yavaş yeriyir. Səhər İt yataqdan durmağa səni daha tələsdirmir. Bilir ki, qocasan, həyat səni yorub. Bütün hallarda onun sənə sədaqət hissi azalmır. Sadəcə, əvvəlkindən sakit, təmtəraqsız, dərin, yaxın olur. Aranızda bir məsələdə tam razılıq yaranır: yaşamaq tələsmək, qaçmaq deyil, yanaşı olmaqdır.
A.ƏZİZ