“Kontakt Home”dən dövlət qurumlarına ŞİKAYƏT ETDİ - "Borcu bağlasam da..."

“”Kontakt Home”un məsuliyyətsizliyinə görə telefonum 4 gündür bağlıdır”.

Jun 18, 2026 - 16:14
Jun 18, 2026 - 16:14
“Kontakt Home”dən dövlət qurumlarına ŞİKAYƏT ETDİ - "Borcu bağlasam da..."

SAVASHMEDİA.az xəbər verir ki, bunu sözügedən mağazalar şəbəkəsindən şikayət edən müştəri Yasef Məmmədov bildirib.

Mağazanın daimi müştərisi olduğunu deyən Y. Məmmədov qeyd edib ki, aldığı telefonun kreditini tam bağlamasına baxmayaraq, “Kontakt Home” hələ də telefonu öz mülkiyyətindən çıxarmayıb:

“2025-ci ilin dekabr ayında “iPhone 17 Pro Max” telefonu almışdım. Telefonu 6 aylıq kreditlə götürmüşdüm. Lakin 2 ay keçməmiş krediti tam şəkildə bağladım. Mən həmin mağazanın daimi müştərisiyəm. Bu yaxınlarda telefonun IMEI kodunu yoxlamaq istəyəndə gördüm ki, kreditin bağlanmasının üzərindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, telefon hələ də “Kontakt Home”un mülkiyyətində kimi göstərilir”.

Müştəri bildirib ki, həmin an çətinliklə də olsa, məsələ ilə bağlı mağazaya məlumat verib.Lakin heç bir tədbir görülməyib. “Kontakt Home”un məsuliyyətsizliyinə görə telefonun xətti bağlanıb:

“Bununla bağlı qaynar xətlərinə zəng edib bildirdim ki, telefonun kreditini tam bağlamışam və cihazı şirkətin adına olan qeydiyyatdan çıxarsınlar. Lakin onların səhvi nəticəsində telefonun xətti tamamilə bağlanıb.

Bu hadisə elə bir vaxtda və elə bir yerdə baş verdi ki, bütün pul vəsaitlərim telefondakı bank kartlarında idi. Ətrafda “Wi-Fi” da yox idi. Saatlarla çıxılmaz vəziyyətdə qaldım. Daha sonra yoldan keçən bir qardaşın köməyi ilə qaynar xətlərinə yenidən zəng edib bildirdim ki, telefon onların səhvinə görə bağlanıb. Cihazın açılmasını tələb etdim. Mənə verilən cavab isə belə oldu: “Yaxın mağazalarımızdan birinə yaxınlaşın””.

Yasef Məmmədov şikayətindən 4 gün keçməsinə baxmayaraq, “Kontakt Home”un şikayətinə baxmadığını və telefonun hələ də bağlı qaldığını deyib. O bildirib ki, artıq məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına da şikayət edib:

“Artıq 4 gündür ki, şikayətimə baxılmır və telefon hələ də bağlı vəziyyətdədir.Lazımi dövlət qurumlarına şikayətimi təqdim etmişəm. Bütün iş-gücümü kənara qoyaraq vəkil tutmuşam. Mənə vurulmuş maddi və mənəvi ziyanın məhkəmə qaydasında ödənilməsini tələb edəcəyəm”.

Qeyd edək ki, bu “Kontakt Home”la bağlı ilk şikayət deyil. Müştərilər dəfələrlə mağazanın şikayətlərə baxmamasından, xarab məhsullar satmasından, xarab məhsulları yenisi ilə dəyişməməsindən, personalın məsuliyyətsizliyindən şikayətlər ediblər.

Banu