Kupe 120, SV 230 manat olacaq? - ADY yarımçıq açıqlama ilə hamını aldadır
Azərbaycanda Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası fonunda biletlərin qiyməti ilə bağlı müzakirələr davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz “Azərbaycan Dəmir Yolları”nın (ADY) qiymət siyasətini sərt tənqid edib.
Ekspert ADY-nin açıqladığı tariflərin reallığa uyğun olmadığını və əvvəlki illərlə müqayisədə kəskin bahalaşma müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, Bakı–Tbilisi qatarı üçün hazırda açıqlanan qiymətlər “ağlasığmaz” səviyyədədir:
“ADY yenə heç bir məntiqə uyğun olmayan qiymət siyasəti tətbiq edir. Daha əvvəl bu yanaşmanı Bakı–Balakən marşrutunda sınaqdan keçirmişdilər, indi isə eyni modeli Bakı–Tbilisi xəttində tətbiq etməyə hazırlaşırlar”, – o qeyd edib.
Fotofa Osman Gündüz
Ekspert bildirib ki, ADY hələlik yalnız 51 manatlıq minimal qiyməti ön plana çıxarıb, kupe və SV vaqonlarının tariflərini isə tam açıqlamayıb. Hazırda məlum olan qiymətlərin 81 manatdan başladığıdır.
Osman Gündüz xatırladıb ki, 2019-cu ilə qədər Bakı–Tbilisi qatarında plaskart biletləri 24-26 manata, kupe biletləri 35-40 manata, SV vaqonları isə 57-60 manata təklif olunurdu.
Ekspert ehtimal edir ki, ADY əvvəlki yanaşmasını davam etdirsə, yeni tariflər daha da yüksək ola bilər:
“Kupe biletlərinin qiyməti 120 manata, SV vaqonlarının isə 230 manata qədər yüksələ bilər. Görünür, bu qiymətlər artıq hazırdır, sadəcə hələlik açıqlamağa tərəddüd edirlər”.
Osman Gündüz əlavə edib ki, dəmir yolu infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər təqdirəlayiq olsa da, tətbiq olunan qiymət siyasəti cəmiyyət üçün qəbulolunan görünmür.
Ekspertin fikrincə, ADY hökumətdən subsidiya ala bilmədiyi üçün yaranan xərcləri sərnişinlərin hesabına kompensasiya etməyə çalışır.
“Görünən odur ki, ortaya qoyulan qiymətlər nə hesablamalara, nə də mövcud reallığa uyğun gəlir”, - o vurğulayıb.
Hazırladı: Aytən