Medvedevdən NATO ölkəsinə nüvə hədəsi - "Artıq hədəfimizdəsiniz"
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Finlandiyanın NATO-nun nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə imkan verən qanunu təsdiqləməsindən sonra sərt açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Medvedev bildirib ki, bu qərarla Finlandiya Rusiyanın mümkün nüvə hədəfləri siyahısına daxil olub.
O, sosial şəbəkədə paylaşımında "Finlandiya artıq ən yüksək təhlükəsizlik səviyyəsinə çatdı" ifadəsini işlədərək Helsinki rəhbərliyini tənqid edib.
Qərar Finlandiya parlamentinin iyunun ortalarında qəbul etdiyi qanundan sonra qüvvəyə minib. Yeni qanun ölkəyə nüvə silahlarının gətirilməsinə və zərurət yarandıqda yerləşdirilməsinə hüquqi imkan yaradır.
Moskva bundan əvvəl də xəbərdarlıq etmişdi ki, Finlandiyanın bu addımı Rusiyanın milli təhlükəsizliyi üçün yeni risklər yaradır və buna siyasi, eləcə də hərbi-texniki cavab veriləcək. Medvedevin son açıqlaması isə iki ölkə arasında gərginliyin daha da artdığını göstərir.
Xatırladaq ki, Finlandiya Rusiya ilə 1300 kilometrdən çox quru sərhədinə malikdir. Əgər gələcəkdə NATO-nun nüvə silahları Finlandiyada yerləşdirilərsə, onlar Rusiya sərhədinə çox yaxın olacaq və Moskva bunu öz təhlükəsizliyi üçün ciddi risk hesab edir.
Oğuz