Özbəkistan iki kəndini rəsmən Qırğızıstana verdi - SƏBƏB

Özbəkistanın Fərqanə vilayətinə aid Çonqara və Daş-Tobo kəndləri rəsmən Qırğızıstanın tərkibinə keçib.

Jun 23, 2026 - 19:02
Özbəkistan iki kəndini rəsmən Qırğızıstana verdi - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alagözov məlumat verib.

Bildirilib ki, sözügedən yaşayış məntəqələrində əsasən etnik qırğızlar yaşayır. Kənd sakinlərinin sosial-iqtisadi əlaqələri, gündəlik gediş-gəlişi və təsərrüfat fəaliyyəti də daha çox Qırğızıstanla bağlı olub.

Məlumata görə, kəndlərin Qırğızıstana verilməsi iki ölkə arasında əldə olunmuş razılaşma çərçivəsində baş tutub. Əvəzində isə Bişkek Daşkəndə sərhədyanı ərazilərdə sahəsinə görə bərabər torpaq sahələri təhvil verib.

Bu qərarın kökləri hələ Sovet İttifaqı dövrünə gedib çıxır. Həmin vaxt Özbəkistan, Qırğızıstan və Tacikistan arasında inzibati sərhədlər müəyyənləşdirilərkən etnik tərkib, su mənbələri və kənd təsərrüfatı sahələri nəzərə alınsa da, bir çox yaşayış məntəqələri və torpaq sahələri qarışıq vəziyyətdə qalmışdı.

1991-ci ildə SSRİ dağıldıqdan sonra həmin inzibati sərhədlər dövlət sərhədlərinə çevrildi və Mərkəzi Asiyada çoxsaylı ərazi mübahisələri yarandı. Xüsusilə Fərqanə vadisi dünyanın ən mürəkkəb sərhəd bölgələrindən biri hesab olunur. Burada anklavlar, eksklavlar və digər ölkənin ərazisi ilə əhatələnmiş yaşayış məntəqələri mövcuddur.

Son illərdə Daşkənd və Bişkek sərhəd problemlərinin həlli istiqamətində danışıqları intensivləşdirib, mübahisəli ərazilərin böyük hissəsi üzrə razılıq əldə olunub. Çonqara və Daş-Tobo kəndlərinin statusunun dəyişdirilməsi də həmin prosesin növbəti mərhələsi hesab edilir.

Qeyd edək ki, kəndlərdə yaşayan təxminən 2500 nəfərə Qırğızıstan vətəndaşlığının verilməsi nəzərdə tutulur.

Mütəxəssislər bu addımı Mərkəzi Asiyada uzun illər davam edən sərhəd problemlərinin sülh yolu ilə həlli istiqamətində mühüm hadisələrdən biri kimi qiymətləndirirlər.

Oğuz