"Qarabağ" Mourinyonun planlarını necə pozub? - Özü AÇIQLADI

Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda keçiriləcək İspaniyaı “Real Madrid” ilə oyunöncəsi mətbuat konfransında iştirak edib.

Jan 27, 2026 - 21:08
"Qarabağ" Mourinyonun planlarını necə pozub? - Özü AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, 63 yaşlı mütəxəssis komandasının turnirdəki çətin vəziyyətinə toxunaraq, “Qarabağ”a qarşı keçirdikləri ilk tur oyununun (2:3) həlledici rol oynadığını bildirib.

“Pley-off zonasından kənarda qalmağımız bir neçə faktorla bağlıdır. Ən böyük problemimiz ilk turda, doğma meydanda mütləq qələbə qazanmalı olduğumuz oyunda (“Qarabağ”a qarşı – red.) xal itirməyimiz oldu. Əgər o görüşdə qalib gəlsəydik, indi 9 xalımız olardı və növbəti mərhələ üçün bizə cəmi 1 xal kifayət edərdi”, - deyə Joze Mourinyo vurğulayıb.

Xatırladaq ki, “Benfika” hazırda turnir cədvəlində 29-cu pillədə qərarlaşıb. Portuqaliya təmsilçisi yanvarın 28-də “Real Madrid”i qəbul edəcək.

Qeyd edək ki, Joze Mourinyo məhz “Qarabağ”a məğlubiyyətdən sonra komandadan göndərilən Brunu Lageni əvəzləyib.