Şagird hadisədən əvvəl müəllimi ilə mübahisə edibmiş - "Bir də atama zəng etsən..."

İki gün öncə “İdrak” liseyində şagird riyaziyyat müəllimi Şəhla Kamilovanı ov silahı ilə güllələyib. Şagird saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Feb 8, 2026 - 15:37
Şagird hadisədən əvvəl müəllimi ilə mübahisə edibmiş - "Bir də atama zəng etsən..."

Xəstəxanaya yerləşdirilən müəllimin isə artıq palataya köçürüldüyü və vəziyyətinin yaxşıya doğru getdiyi bildirilir.

SAVASHMEDİA.az-a hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı məlumat daxil olub. 

Mənbənin iddiasına görə, şagird müəllimi Şəhla Kamilova ilə xeyli vaxtdır, yola getmirmiş. Hətta aralarındakı narazılığa görə müəllimin şagirdin atasını məktəbə çağırdığı bildirilir. Şagird atasının məktəbə çağırılmasına görə Şəhla Kərimova ilə mübahisə edib və ondan bir daha atasına zəng etməməsini tələb edib. Müəllim isə şagirdinin tələbini rədd edib, onu qıcıqlandıracaq cavablar verib.

Mənbə qeyd edir ki, şagird varlı və ziyalı ailəyə mənsubdur. Babası Ənvər Şirinov uzun illər Sumqayıtda ərəb-fars təmayüllü məktəbdə direktor vəzifəsində çalışıb. Atası Samir Şirinov Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib. Vəzifədən azad edildikdən sonra Sumqayıtdan Bakıya köçüb. Hazırda biznes fəaliyyəti ilə məşğuldur. Bakıda və Sumqayıtda qızıl dükanları var. “Murad” şadlıq evi və “Çinar” restoranı da ailəyə məxsusdur.

Mənbə şagirdin təhsili və təhsil planları ilə bağlı da məlumatlar verib. Bildirilir ki, şagird tərbiyəsi, əxlaqı, savadı və məsuliyyəti ilə törətdiyi əmələ görə gəlinən “harın” təsəvvüründən tamamilə uzaqdır. İngilis dilini öz ana dili kimi danışır, dəfələrlə olimpiadalarda qalib olub, təhsilin Avropa və ya Amerikada davam etdirməyə hazırlaşırmış.

Səlcuq