Tramp hədələdi, İran danışıqlar masasını tərk etdi - İsveçrədə gərgin anlar

ABŞ və İran arasında aparılan danışıqlarda yeni gərginlik yaranıb. 

Jun 21, 2026 - 22:09
Tramp hədələdi, İran danışıqlar masasını tərk etdi - İsveçrədə gərgin anlar

SAVASHMEDİA.az xəbər verir ki, İran tərəfi Livandakı hərbi əməliyyatlar davam etdiyi müddətdə Vaşinqtonla müzakirələrin davam etdirilməyəcəyini açıqlayıb.

İranın danışıqlar üzrə nümayəndə heyətinin üzvü Hüseyn Qurbanzadənin sözlərinə görə, hazırda görüşlərdə ən çox müzakirə olunan məsələ Livandakı vəziyyətdir. O bildirib ki, bölgədə hərbi əməliyyatlar dayandırılmayacağı təqdirdə danışıqlar prosesinin də davam etməsi mümkün olmayacaq.

“Livan danışıqlarda ən çox müzakirə edilən mövzudur. Əgər Livandakı müharibə başa çatmasa, danışıqlar da davam etməyəcək”, - Qurbanzadə İran mediasına açıqlamasında vurğulayıb.

Bu arada, İsveçrədə keçirilən ABŞ-İran görüşü ilə bağlı diqqətçəkən məlumat yayılıb. 

İranın “Tasnim” agentliyinin məlumatına görə, İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra amerikalı rəsmilərlə aparılan danışıqların keçirildiyi məkanı tərk edib.

Məlumatlı mənbənin iddiasına görə, Tehran nümayəndələri bunu Trampın səsləndirdiyi təhdidlərə etiraz əlaməti olaraq ediblər. Bildirilir ki, İran tərəfi görüşləri yarımçıq dayandıraraq danışıqlar prosesinə etirazını nümayiş etdirib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Hörmüz boğazının bağlanacağı təqdirdə İranın vurulacağını demişdi. Məhz bu açıqlamaların tərəflər arasında onsuz da həssas olan münasibətləri daha da gərginləşdirdiyi qeyd olunur.

Oğuz