"Türkiyəyə dözmək fikrində deyilik" - Netanyahu Ankaraya meydan oxudu
İsrail və Türkiyə arasında Suriya ilə bağlı gərginlik yeni mərhələyə keçib.
SAVASHMEDİA.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyada İsrail üçün təhlükə yarada biləcək hərbi mövcudluğuna imkan verməyəcəklərini açıqlayıb.
Bu bəyanat İsrailin Suriyadakı hərbi obyektə endirdiyi zərbədən iki gün sonra səslənib.
Netanyahu Türkiyəyə əvvəlcədən xəbərdarlıq edildiyini, lakin bu mesajın kifayət qədər aydın başa düşülmədiyini bildirib: “Mesajımızı aydın şəkildə çatdırdıq: bunu etməyin. Görünür, bizi kifayət qədər yaxşı eşitməyiblər. Buna görə də mesajımızın daha yaxşı başa düşülməsini təmin etdik”.
Nə baş verir?
Gərginliyin səbəbi avqustun 18-də baş verən hadisədir. İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Əbu əl-Duhur aviabazasına zərbələr endirib. "Reuters"-in məlumatına görə, aviabazanın uçuş-enmə zolağı və anbar ərazilərinə ümumilikdə səkkiz zərbə endirilib. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
İsrail Baş nazirinin ofisi zərbədən sonra açıqlama yayaraq Suriyanın Türkiyə hərbçilərinin aviabazada yerləşdirilməsinə imkan verməklə İsraillə razılaşdırılmış təhlükəsizlik status-kvosunu pozmaq ərəfəsində olduğunu bildirib.
İsrail iddia edir ki, Suriya Türkiyə hərbi qüvvələrinin Əbu əl-Duhurda yerləşdirilməsinə hazırlaşırdı. Ankara isə İsrailin bu iddiasını təsdiqləməyib.
Mossad rəhbərinin zəngi
Hadisənin ən diqqətçəkən məqamlarından biri də İsrail kəşfiyyatının rəhbəri Roman Qofmanın Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığıdır.
Reuters-in üç mənbəyə əsaslanan məlumatına görə, bu telefon danışığı avqustun 14-də, yəni İsrailin Əbu əl-Duhur aviabazasını vurmasından dörd gün əvvəl baş tutub.
Tərəflər arasında əsas müzakirə mövzularından biri Türkiyənin Suriyadakı hərbi fəaliyyəti olub. Bu, İsrail və Suriyanın yeni hakimiyyəti arasında son dövrdə baş tutan ən yüksək səviyyəli təmaslardan biri kimi qiymətləndirilir.
Türkiyə Suriyada necə güclənir?
Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında devrilməsindən sonra Türkiyə Suriyanın yeni rəhbərliyinin əsas regional tərəfdaşlarından birinə çevrilib. Ankara yeni Suriya ordusunun qurulmasına dəstək verir, hərbi təlim və məsləhət xidmətləri göstərir.
Türkiyənin Suriyada hərbi təsirinin genişlənməsi isə İsraildə ciddi narahatlıq yaradır.
İsrail də Əsəd rejiminin süqutundan sonra Suriyanın cənubunda hərbi mövcudluğunu genişləndirib və Dəməşqin yeni hakimiyyətinə ehtiyatla yanaşır. İsrail hökuməti Suriya ərazisində öz sərhədlərinə yaxın potensial hərbi təhlükələrin yaranmasına imkan verməyəcəyini dəfələrlə bəyan edib.
Ankara sərt cavab verdi
Türkiyə İsrailin Əbu əl-Duhur zərbəsini pisləyib. Ankara hücumun Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozduğunu bildirib.
Türkiyə tərəfi İsrailin Türkiyənin Suriyadakı fəaliyyəti ilə bağlı iddialarını da “əsassız” hesab edir. ABŞ isə zərbədən narahatlığını ifadə edib və hadisəni regional sabitliyə xidmət etməyən “lazımsız eskalasiya” kimi qiymətləndirib.
Beləliklə, Suriyada artıq təkcə İsrail-Dəməşq qarşıdurması deyil, Türkiyə ilə İsrailin hərbi və siyasi maraqlarının toqquşması da açıq şəkildə ortaya çıxır.
Səlcuq