Yeni ekologiya və təbii sərvətlər naziri kimdir? - DOSYE + FOTO
Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 5-də imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib. Həmin vaxtdan bu vəzifə boş idi.
Yeni nazirin tərcümeyi-halını təqdim edirik:
R.İsmayılov 27 avqust 1979-cu il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlamışdır. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis işləyib.
2006-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi kimi fəaliyyət göstərib.
2010-2012-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi olub.
2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Prezident yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri kimi çalışıb.
2018-2019-cu illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləyib.
Prezidentin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
