Adları dəyişdiriləcək 3 metro stansiyası hansılardır? - Yeni adlar nə olacaq?  

Bu il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar adsız zirvələrə yeni adlar veriləcəyi, eləcə də bəzi metro stansiyalarınının dəyişdiriləcəyi elan olunub.

Feb 11, 2025 - 17:28
Feb 11, 2025 - 17:50
Adları dəyişdiriləcək 3 metro stansiyası hansılardır? - Yeni adlar nə olacaq?  

Xatırladaq ki, bu barədə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib.

Bildirilir ki, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.

Bununla bağlı Prezident Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Prezidentin xüsusi nümayəndəlikləri, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi, Milli Məclisə müvafiq addımlar atmaları tövsiyə olunub.

Maraqlıdır, adları dəyişdiriləcək metro stansiyaları hansılar ola bilər?

SAVASHMEDİA.az xatırladır ki, Bakıda bəzi metro stansiyalarının adlarının dəyişdirilməsi dəfələrlə təklif olunsa da, məsələ indiyə qədər öz həllini tapmayıb. 

Qeyd edək ki, müxtəlif zamanlarda “Ulduz", “Xalqlar Dostluğu” və "Nəriman Nərimanov" metro stansiyalarının adlarının dəyişdirilməsi təklif edilib. Çox böyük ehtimalla bu il adıçəkilən stansiyaların adları dəyişdiriləcək.

Məlumat üçün bildirək ki, 1967-ci il 6 noyabrda fəaliyyətə başlayan Bakı metrosunda stansiyaların adları bir neçə dəfə dəyişdirilib.

Adları dəyişdirilən stansiyalardan biri də indiki “20 Yanvar” stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı “XI Qızıl Ordu Meydanı” olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya “XI Qızıl Ordu Meydanı” kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı “20 Yanvar”la əvəzlənib.

İndiki “28 May” stansiyası ilk illərdə “28 Aprel” adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib.

1972-ci ildən fəaliyyətə başlayan “Avrora” stansiyası 27 aprel 1992-ci ildən “Qara Qarayev” adlandırılıb.

“26 Bakı Komissarı” stansiyasının adı isə 9 aprel 1992-ci ildə “Sahil” olub.

“Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı “Elektrozavod” olub. 1 yanvar 1993-cü il tarixində həmin ad “Bakmil” adı ilə əvəzlənib.

“Bakı Soveti”nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci iltarixində “İçәrişәhәr” adı ilə əvəzlənib.

Adı dəyişdirilən hələlik sonuncu stansiya “Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər “Məşədi Əzizbəyov” olub. Lakin 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və “Koroğlu” adlandırılıb.  

Oğuz