Avropa İttifaqından Britaniyaya ULTİMATUM – Çinlə...
“Böyük Britaniya Avropa İttifaqının (Aİ) “Avropada istehsal et” siyasəti çərçivəsində tətbiq etdiyi proteksionist tədbirlərdən kənarda qalmaq istəyirsə, Çin avtomobillərinə gömrük rüsumlarını artırmalıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Irish Times” nəşri yazıb.
Məlumata görə, Londona Aİ-nin gömrük ittifaqına qoşulmaq məsələsini də nəzərdən keçirmək tövsiyə edilib. Aİ-nin gömrük ittifaqının nümayəndəsi bildirib ki, belə bir addım mövcud problemlərin əksəriyyətini həll edə bilər.
Nəşr qeyd edib ki, Böyük Britaniyanın əsas sənaye sahələrində Aİ-nin proteksionist ticarət tədbirlərinə qoşulması ölkənin Avropa İttifaqından çıxdıqdan sonra əldə etdiyi fəaliyyət azadlığını məhdudlaşdıra bilər. Bununla yanaşı, belə bir siyasətin istehlakçılar üçün qiymət artımına səbəb ola biləcəyi bildirilir.
Avropa ölkələrində isə başqa bir narahatlıq mövcuddur. Belə ki, Böyük Britaniyanın yüksək rəqabət qabiliyyətinə malik və qloballaşmış iqtisadiyyata çevrilməsi, həmçinin Çin mallarının Avropa bazarına daxil olması üçün “arxa qapı” rolunu oynaması ehtimalı müzakirə olunur.
Hazırda London Brüsseldən Böyük Britaniyanın avtomobil, kimya və enerji sektorlarındakı təchizat zəncirlərinin Aİ-nin ümumavropa istehsala dəstək proqramına, yəni “Avropada istehsal et” təşəbbüsünə daxil edilməsini istəyir. Əks halda, Britaniya sənayesinin Aİ-nin mühüm subsidiya proqramlarından kənarda qala biləcəyi bildirilir.
Digər tərəfdən, Çin istehsalı olan elektrik avtomobillərinə gömrük rüsumlarının tətbiqi Britaniya hökuməti üçün çətin vəziyyət yaradır. Buna səbəb Londonun eyni zamanda Çin investisiyalarını ölkənin avtomobil zavodlarına cəlb etməyə çalışmasıdır.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Çin hökumətindən Çin istehsalı hibrid avtomobillərin Aİ ölkələrinə ixracını könüllü şəkildə məhdudlaşdırmağı xahiş edib. Aİ-nin təklifi Çin istehsalı hibrid avtomobillərin Avropa bazarındakı payının təxminən 15 faizlə məhdudlaşdırılması ilə bağlıdır.
Banu