Bakının hansı küçələrinə giriş pullu olacaq və... - Təxmini ödəniş məbləği
Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Fərman avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
- Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
- Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;
Fərmanla Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Maraqlıdır, Bakının hansı ərazilərinə giriş ödənişli olacaq? Ödənişin konkret tarifi nə qədər ola bilər?
SAVASHMEDİA.az bildirir ki, bununla bağlı konkretləşdirmə aparılmasa da, prosesin şəhərin mərkəzi küçələrini əhatə edəcəyi gözlənilir.
Xatırladaq ki, bənzər təcrübə dünyanın bir çox ölkələrində mövcuddur. Dünyada bir çox böyük şəhərlərdə artıq mərkəzi hissələrə avtomobillə daxil olmağa görə ödəniş sistemi tətbiq olunur. Bu sistemlərə “congestion charge”, “urban toll” və ya “low emission zone fee” kimi adlar verilir. Məqsəd — tıxacları azaltmaq, havanı təmiz saxlamaq və ictimai nəqliyyatı təşviq etməkdir.
Dünya təcrübəsindən nümunələr
Londonda – Congestion Charge
Tətbiq ili: 2003
Əhatə etdiyi zonalar: Mərkəzi London
Ödəniş: Gündəlik təxminən 15 avro (həftəiçi gündüz saatlarında)
Tətbiq məqsədi: Tıxacların azaldılması və ictimai nəqliyyatın gücləndirilməsi
Əlavə olaraq “Ultra Low Emission Zone (ULEZ)” da var — çirkləndirici avtomobillər üçün əlavə ödəniş.
Stokholm – Congestion Tax
Tətbiq ili: 2006 (sınaqla başladı, sonradan daimi oldu)
Sistem: Giriş və çıxışda avtomatik kameralı ödəniş
Gündəlik limitli ödəniş: Maksimum təxminən 135 SEK (təqribən 11 avro)
Sinqapur – Electronic Road Pricing (ERP)
Tətbiq ili: 1998
Tam elektron sistemdir
Dinamik qiymət: Tıxac saatlarında daha baha
Yüksək texnologiyalı model: GPS, sensorlar və real vaxt məlumatlar əsasında idarə olunur
Milan – Area C
Tətbiq ili: 2012
Əhatə zonası: Tarixi mərkəz
Giriş haqqı: Təxminən 5 avro
Hibrid və elektrik avtomobillərə güzəşt var
Bəs Bakıda hansı model tətbiq oluna bilər və təxmini ödəniş tarifi nə qədər ola bilər?
Bu suallar hələ ki, açıq qalır. Amma ehtimal etmək olar ki, ödənişli yollar paytaxtın mərkəzi küçələrinə əhatə edəcək. Ödəniş tarifinə gəlincə, məbləğin 10 manatdan artıq olmayacağı gözlənilir.
Oğuz