"Dedim, heç kim səni dəstəkləməyəcək, o, Putini..." - Priqojinin anası

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri olmuş Yevgeni Priqojinin anası Violetta Priqojina oğlu barədə yeni açıqlamalar verib.

Aug 22, 2025 - 19:58
"Dedim, heç kim səni dəstəkləməyəcək, o, Putini..." - Priqojinin anası

SAVASHMEDİA.az musavat.com-a istinadla xəbər verir ki, onun sözlərinə görə, Priqojin iyun 2023-cü ildəki uğursuz silahlı yürüşdən sonra özünü artıq “ölümlə damğalanmış” hesab edirdi.

Priqojinanın “Fontanka”ya müsahibəsində dediyinə görə, oğlu xalqdan dəstək alacağına inanırdı:

“Ona demişdim: "Səni yalnız internetdə dəstəkləyəcəklər, küçələrə heç kim çıxmayacaq". Amma o israr edirdi: "Xeyr, məni dəstəkləyəcəklər". Onun yanında müdrik adam yox idi, ona yanlış rəqəmlər təqdim etmişdilər. Rostovda onu qucaqlayanlar oldu, amma o, gənc kursantlara atəş aça bilməzdi, orada dayandı.”

Violetta Priqojina bildirib ki, oğlu heç vaxt Vladimir Putini devirmək niyyətində olmayıb, məqsədi sadəcə Rusiyanın hərbi rəhbərliyi ilə bağlı narazılığını çatdırmaq idi.

“Sonuncu dəfə onu avqustun 15-də gördüm. Onda artıq onda ‘ölümlə barışmışlıq’ vardı. Bir həftə sonra – 23 avqustda – o, həyatda yox idi”, – deyə Priqojinanın anası vurğulayıb.

Yevgeni Priqojin uzun illər Rusiya rəhbərliyinə yaxın iş adamı kimi tanınıb. O, Kremlə xidmət göstərən “Konkord” şirkətlər qrupunun rəhbəri idi və Qərb mediasında “Putinin aşpazı” adlandırılırdı. 2014-cü ildən etibarən isə “Vaqner” özəl hərbi şirkətinin əsas fiqurlarından birinə çevrilərək Suriyada, Afrikada və Ukraynada müxtəlif əməliyyatlarda iştirak edib.

2023-cü il iyunun 23-də Priqojin “Vaqner” qiyamına rəhbərlik edərək Rusiyanın müdafiə rəhbərliyinə qarşı yürüş təşkil etmiş, lakin uğursuzluğa düçar olmuşdu. İki ay sonra, 2023-cü il avqustun 23-də onun da olduğu “Embraer” tipli təyyarə Tver vilayətində qəzaya uğramış, Priqojin və onun yaxın çevrəsindən bir neçə nəfər həlak olmuşdu. Qərb və Rusiya müxalifətinin fikrincə, bu qəza təsadüfi olmayıb, Kreml tərəfindən, konkret olaraq prezident Putin tərəfindən sifariş olunmuş qətl kimi qiymətləndirilir.