Efiopiya da Rusiyaya rədd cavabı verdi

Rusiya hakimiyyətinin Efiopiya ilə mülki təyyarələrin lizinqinə dair danışıqlar aparmaq cəhdi uğursuzluqla başa çatıb. 

Aug 6, 2025 - 15:11
Efiopiya da Rusiyaya rədd cavabı verdi

SAVASHMEDİA.az Addis Insight portalına istinadən xəbər verir ki, Efiopiya Mülki Aviasiya İdarəsi (ECAA) iyulun sonunda danışıqlar üçün Abbis-Abbeyə uçan Rusiya nümayəndə heyətinə imtina cavabı verib.  

ECAA məmurları bildiriblər ki, “Efiopiya Hava Yolları” milli aviadaşıyıcına təyyarələri icarəyə götürmək əmri vermək səlahiyyətinə malik deyillər.
 
“Efiopiya Hava Yolları Qrupu”nun baş direktoru Mesfin Tasev bildirib ki, şirkət Rusiya ilə mümkün təyyarə icarəsi ilə bağlı heç bir əsaslı danışıqlar aparmayıb və belə razılaşma əldə olunmayıb. 

“Rusiya ABŞ-nin sanksiyaları altındadır, “Efiopiya Hava Yolları” isə ABŞ ilə güclü əməliyyat və kommersiya əlaqələrinə malikdir. Biz beynəlxalq nizamlamaya və ABŞ qanunvericiliyinə uyğun fəaliyyət göstəririk və bu qanunların pozulması riskini öz üzərimizə götürməyə hazır deyilik”, - deyə Tasev vurğulayıb. 

O, həmçinin əlavə edib ki, “Efiopiya Hava Yolları” özü sərnişin və yük uçuşlarına artan tələbatı ödəmək üçün əlavə aviadaşıyıcılar axtarır. 

Ukraynaya qarşı müharibəyə başlayandan sonra Rusiya “Boeing” və “Airbus”-ı nəinki almaq, eyni zamanda təmir etdirmək imkanından məhrum olunub. Bu laynerlər isə Rusiyanın yerli mülki aviasiya donanmasının üçdə ikisini və sərnişin daşımalarının 90%-ni təmin edirdi. 
 
Xatirə SADİQ