Ən güclü baş ağrısı dərmanı hansıdır? - İZAH

Bütün növ baş ağrıları üçün eyni dərəcədə təsirli olan vahid preparat yoxdur.

Aug 9, 2026 - 20:42
Aug 9, 2026 - 20:44
Ən güclü baş ağrısı dərmanı hansıdır? - İZAH

SAVASHMEDIA.az xəbər verir ki, dərman seçimi baş ağrısının səbəbindən və tipindən asılıdır. 

Adi gərginlik tipli baş ağrılarında parasetamol və ibuprofen kimi ağrıkəsicilərdən istifadə olunur. Bu preparatlar ağrının azalmasına kömək edə bilər.

Miqren zamanı daha fərqli dərmanlar istifadə olunur

Miqren zamanı adi ağrıkəsicilər hər zaman kifayət etməyə bilər. Belə hallarda həkim tərəfindən triptan qrupundan olan preparatlar təyin edilə bilər. Bu dərmanlar xüsusilə miqren tutmasının müalicəsi üçün nəzərdə tutulub.

Bəzi hallarda isə ağrının qarşısının alınması üçün gündəlik qəbul edilən profilaktik müalicə tələb olunur.

Bəs ən güclü dərman hansıdır?

Əslində, “ən güclü başağrısı dərmanı” anlayışı düzgün deyil. Məsələn, miqren zamanı effektiv olan preparat adi gərginlik baş ağrısında eyni nəticəni verməyə bilər.

Bundan başqa, ağrıkəsicilərin tez-tez qəbul edilməsi özü də baş ağrılarının təkrarlanmasına səbəb ola bilər. Buna görə dərmandan davamlı və nəzarətsiz istifadə etmək məsləhət görülmür.

Bu hallarda diqqətli olun

Baş ağrısı qəfil və çox şiddətli başlayıbsa, xüsusilə də insanın həyatında hiss etdiyi ən güclü ağrıdırsa, bunu adi baş ağrısı kimi qəbul etmək olmaz.

Baş ağrısı ilə yanaşı nitq və görmə pozuntusu, qol və ya ayaqda zəiflik, huş bulanması, yüksək hərarət, boyun sərtliyi və ya təkrarlanan qusma müşahidə edilərsə, təcili tibbi yardım almaq lazımdır.

Aytən

Qeyd: Konkret dərman və doza baş ağrısının səbəbinə və insanın sağlamlıq vəziyyətinə uyğun seçilməlidir. Özbaşına güclü ağrıkəsici qəbul etmək düzgün deyil.