Gənclər niyə evlənmir? - BMT 4 əsas səbəbi açıqladı
Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (UNFPA) yeni hesabatı dünyada gənclərin niyə ailə qurmaq və uşaq sahibi olmaq istəmədiyinə aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, hesabat 73 ölkədə yaşayan 18-39 yaşlı 108 mindən çox insan arasında aparılan sorğunun nəticələrinə əsaslanır.
Respondentlərin üçdə ikisindən çoxu evlənmək və ya həyat yoldaşı ilə birlikdə yaşamaq istədiyini bildirib. Ən çox arzulanan ailə modeli isə iki uşaqlı ailədir.
Sorğu iştirakçılarının 88 faizi isə evlənmək və valideyn olmaq üçün ilk növbədə maliyyə sabitliyinin vacib olduğunu deyib. 87 faiz evlilik üçün sabit iş yerini, 85 faiz isə emosional hazırlığı əsas şərt kimi göstərib.
Araşdırmaya əsasən, gənclərin ailə qurmasına və uşaq sahibi olmasına ən çox mane olan amillər bunlardır:
bahalı həyat və mənzil problemi;
maliyyə çətinlikləri;
sabit işin olmaması;
uyğun həyat yoldaşı tapa bilməmək;
sağlamlıq və reproduktiv problemlər.
UNFPA-nın icraçı direktoru Diene Keitanın sözlərinə görə, gənclər ailə qurmaq və valideyn olmaq arzusundan imtina etməyiblər. Onlar sadəcə bu qərarı vermək üçün lazımi iqtisadi və sosial şəraitin yaradılmasını gözləyirlər.
Oğuz