"Tamstore" müştəriləri aldatdığına görə 1000 manat cərimələndi - Saxta endirim elanları

“Tamstore” mağazalar şəbəkəsi inzibati qaydada cərimələnib.

Jul 9, 2026 - 20:31
Jul 9, 2026 - 21:17
"Tamstore" müştəriləri aldatdığına görə 1000 manat cərimələndi - Saxta endirim elanları

SAVASHMEDİA.az xəbər verir ki, xitab24.az-ın əldə etdiyi məlumata görə, vətəndaş şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırılma aparılaraq mağazalar şəbəkəsi barədə porotkol tərtib olunub.

Məlum olub ki, “Tamstore”un instaqram hesabında “Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir” məzmunlu endirim kampaniyası barədə paylaşım edilib, bu endirimlərin 5-24 mart tarixlərində keçərli olduğu bildirilib.

Lakin müştəri “Tamstore”un filialına yaxınlaşan zaman kataloqlarda bu endirimlərin tətbiq olunmadığını görüb. Nəticədə müştəri qeyd olunanların araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edib.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə “Tamstore”un nümayəndəsi inzibati xətanı qəbul etməklə yanaşı, məhkəmədən yüngül cərimə təyin olunmasını xahiş edib.

Məhkəmənin qərarına əsasən, “Tamstore” saxta endirim reklamına görə 1000 manat cərimələnib.

Qeyd edək ki, “Tamstore” mağazalar şəbəkəsi “Avrora Qrup”un tərkibinə daxildir. Bu şirkətin rəhbəri isə tanınmış iş adamı Ceyhun Abbasovdur.