Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq

“Aqrarkredit” QSC-də (Bank Olmayan Kredit Təşkilatı) 100 milyon manatdan artıq kredit vəsaitinin mənimsənilməsi iddiası ilə bağlı aparılan əməliyyat ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

Jul 26, 2026 - 22:35
Jul 26, 2026 - 22:48
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq

SAVASHMEDİA.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qanun pozuntusu iddiaları ilə əlaqədar əməliyyat keçirib.

Məlumata görə, bir qrup sahibkar kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə dövlətə məxsus “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit götürüb. Araşdırma zamanı həmin vəsaitlərin təyinatı üzrə istifadə edilmədiyi, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi məqsədlərə xərcləndiyi iddia olunur.

Əməliyyat zamanı “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, eləcə də Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatlarda uzun illər “Aqrarkredit”ə rəhbərlik etmiş, hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olan Məmməd Musayev barəsində də cinayət təqibi aparıldığı iddia olunur. İstintaq materiallarına əsasən, həbs edilən şəxslərin bir hissəsinin onunla əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdiyi bildirilir. Qeyd olunur ki, saxlanılanlardan Tofiq Musayev onun qardaşı oğlu, Fazil Rüstəmov isə uzun illər müavini olub.

Qeyd edək ki, səhmləri tamamilə dövlətə məxsus olan “Aqrarkredit” QSC regionlarda sahibkarlığın maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə fəaliyyət göstərir. Məmməd Musayev 2001-ci ildən 2025-ci ilədək quruma rəhbərlik edib.

Baş verən hadisələr fonunda iqtisadçı Əkrəm Həsənov da məsələ ilə bağlı sərt açıqlama verib. Ə.Həsənovun sözlərinə görə, Məmməd Musayev uzun müddət bank sektorunda böyük təsirə malik olub və “Turanbank”ın faktiki sahibi kimi tanınıb. İqtisadçı iddia edib ki, hüquqlarını müdafiə etdiyi şəxsin həmin bankdakı əmanəti bir ildən çoxdur qaytarılmır. Onun sözlərinə görə, bank əmanətin ödənildiyini bildirsə də, bunu təsdiq edən sənəd təqdim edə bilmir.

İqtisadçı hesab edir ki, “Turanbank”da da geniş yoxlamalar aparılmalıdır. O, bankın fəaliyyəti ilə yanaşı, “Aqrarkredit”lə mümkün əlaqələrinin də araşdırılmasını təklif edib.

Qeyd edək ki, “Turanbank” 1992-ci ildən fəaliyyət göstərir və bankın faktiki sahibinin Məmməd Musayev olduğu deyilir. Bankın səhmdarları arasında onun oğlu Azad Musayev də var.

Səlcuq