Masazır və Xırdalanda evlər niyə kütləvi satışa çıxarılır? - Əhalinin köç səbəbi + QİYMƏTLƏR

Abşeron yarımadasının ən sürətlə böyüyən yaşayış ərazilərindən olan Masazır və Xırdalanda son vaxtlar çox sayda həyət evinin satışa çıxarılması diqqət çəkir. 

Jul 13, 2026 - 22:37
Masazır və Xırdalanda evlər niyə kütləvi satışa çıxarılır? - Əhalinin köç səbəbi + QİYMƏTLƏR

SAVASHMEDİA.az xəbər verir ki, daşınmaz əmlak bazarında xüsusilə fərdi yaşayış evləri üzrə təkliflərin artdığı görünür.

Maraqlıdır, paytaxtdan maksimum 10 km uzaqlıda yerləşən bu ərazilərdə evlər niyə kütləvi şəkildə satışa çıxarılır? Sakinlər niyə evlərini dəyər-dəyməzinə satıb buradan uzaqlaşmaq istəyir?  

Sakinlərin və əmlak alıcılarının fikrincə, əsas problem nəqliyyat məsələsidir. Masazır və Xırdalanda yaşayanların böyük hissəsi hər gün Bakı istiqamətində hərəkət edir. Səhər və axşam pik saatlarında əsas giriş-çıxış yollarında yaranan sıxlıq səbəbindən bəzən qısa məsafəni getmək belə uzun vaxt aparır. Bu vəziyyət isə bəzi ev sahiblərini ərazini tərk etmək qərarına gətirib.

Bəs qiymətlər necədir?

Hazırda Masazırda həyət evlərinin qiymətləri əsasən evin sahəsi, sənədi və yerləşməsinə görə dəyişir.

1-1,5 sot torpaqda tikilmiş kiçik həyət evləri: təxminən 30-60 min manat
3-4 otaqlı, təmirli həyət evləri: təxminən 50-100 min manat
Daha böyük sahəli və kupçalı evlər: 110 min manat və daha yuxarı qiymətə təklif olunur.

Xırdalanda da oxşar vəziyyət müşahidə edilir:

Kiçik həyət evləri: 35-60 min manat civarında
3-4 otaqlı, təmirli evlər: 60-100 min manat
Böyük həyətli evlər: 110 min manat və daha çox qiymətə satılır.

Bildirək ki, evlərin yuxarıda qeyd olunan təxmini satış qiymətləri real bazar qiymətlərindən xeyli aşağıdır. Bu isə əraziyə alıcı marağının olmamasını göstərən daha bir faktdır. Belə ki, satış saytlarında çoxsaylı elanlar yerləşdirilsə də, alıcılar Masazır və Xırdalanda ev almağa maraq göstərmir. Səbəb?

Əsas səbəb qorxunc tıxaclardır. Masazırdan və Xırdalandan Bakıya gedən yollar xüsusilə iş saatlarında yüklənir. Sakinlər hər gün saatlarla yolda qalmaqdan beziblər. Son illərdə bu ərazilərdə çoxlu sayda ev və yaşayış kompleksi tikilib və əhalinin artım tempi yolların və nəqliyyat imkanlarının inkişafını qabaqlayıb.

Ekspertlər nə gözləyir?

Əmlak bazarında hesab edilir ki, Masazır və Xırdalanda qiymətlərin gələcək istiqamətini əsasən nəqliyyat infrastrukturu müəyyən edəcək. Yeni yolların çəkilməsi və ictimai nəqliyyat imkanlarının artırılması bu ərazilərə marağı yenidən yüksəldə bilər. İndilik isə vəziyyət heç də ürəkaçan deyil, əksəriyyət satıb qaçmağa çalışır.

Aytən