Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edildi - Prezident təsdiqlədi 

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir.

Jan 9, 2026 - 17:15
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edildi - Prezident təsdiqlədi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilib.

Buraya aiddir:

- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;

- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;

- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına

- (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;

- eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.

Dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının - müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.