Pensiya yaşı çatır, amma dövlətdən 1 qəpik də ala bilmirlər - Onlar kimdir?
Azərbaycanda pensiya yaşına çatan hər kəsin dövlət tərəfindən aylıq ödəniş alacağı düşünülür. Lakin pensiya yaşına çatmaq avtomatik olaraq nə əmək pensiyası, nə də yaşa görə sosial müavinət hüququ yaradır.
SAVASHMEDİA.az xəbər verir ki, bəzi hallarda vətəndaşlar pensiya yaşına çatsalar da, heç bir aylıq ödəniş ala bilmirlər.
Kimlər yaşa görə əmək pensiyası ala bilmir?
"Əmək pensiyaları haqqında" Qanuna əsasən, yaşa görə əmək pensiyası almaq üçün şəxsin pensiya yaşına çatması ilə yanaşı, ya kifayət qədər pensiya kapitalı, ya da ən azı 25 il sığorta stajı olmalıdır. Bu şərtlərdən heç biri ödənilmədikdə əmək pensiyası təyin edilmir.
Bəs yaşa görə sosial müavinət kimlərə verilir?
Əmək pensiyası hüququ olmayan şəxslər işləmədikdə və rəsmi gəlir əldə etmədikdə yaşa görə sosial müavinət ala bilərlər. Hazırda bu müavinətin məbləği 220 manatdır. Müavinət yalnız əmək pensiyası almayan və rəsmi gəliri olmayan şəxslərə verilir.
Kimlər nə pensiya, nə də müavinət ala bilmir?
Aşağıdakı şəxslər pensiya yaşına çatsalar belə aylıq ödənişsiz qala bilərlər:
yaşa görə əmək pensiyası hüququ olmayan, lakin rəsmi əmək müqaviləsi ilə işləyən və ya digər rəsmi gəliri olan şəxslər;
fərdi sahibkar kimi fəaliyyəti davam edən və rəsmi gəlir əldə edən şəxslər;
qanunvericilikdə nəzərdə tutulan yaşa görə sosial müavinət almaq şərtlərinə cavab verməyən şəxslər.
Başqa sözlə, 25 il sığorta stajının və ya kifayət qədər pensiya kapitalının olmaması avtomatik olaraq yaşa görə sosial müavinət almaq hüququ yaratmır. Şəxsin işləməməsi və rəsmi gəlirinin olmaması da əsas şərtlərdən biridir. Rəsmi gəlir əldə edən şəxslərə yaşa görə sosial müavinətin ödənişi həyata keçirilmir.
Aytən