Prezidentin hərbçilər üçün təsdiqlədiyi şəxsi jeton nədir? - İZAH
Prezident İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsini nəzərdə tutan qanun dəyişikliyini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, yeni qaydalara əsasən, hərbi qulluqçular xidmət etdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin olunacaqlar.
Bəs şəxsi jeton nədir?
Şəxsi jeton hərbi qulluqçunun şəxsiyyətini müəyyənləşdirmək üçün nəzərdə tutulmuş xüsusi identifikasiya nişanıdır. Adətən metal lövhəcik formasında hazırlanan jeton zəncir vasitəsilə boyundan asılır və hərbçi tərəfindən daim üzərində daşınır.
Jetonun üzərində hərbi qulluqçunun fərdi identifikasiya nömrəsi, qan qrupu və digər zəruri məlumatlar qeyd olunur. Bu məlumatlar döyüş əməliyyatları, qəzalar və digər fövqəladə hallarda həlak olmuş, yaralanmış və ya itkin düşmüş hərbçilərin şəxsiyyətinin operativ müəyyən edilməsinə kömək edir.
Hərbi ekspertlərin sözlərinə görə, şəxsi jeton sistemi dünyanın əksər inkişaf etmiş ordularında tətbiq olunur. Xüsusilə döyüş şəraitində hərbçinin kimliyinin tez müəyyənləşdirilməsi və ona vaxtında tibbi yardım göstərilməsi baxımından bu sistem böyük əhəmiyyət daşıyır.
Qanuna əsasən, şəxsi jetonların forması, üzərində əks olunacaq məlumatlar və onların uçotu qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, Azərbaycanda da bu sistemin tətbiqi hərbi qulluqçuların identifikasiyasını daha da təkmilləşdirmək məqsədi daşıyır.
Aytən