Rusiyaya gedən azərbaycanlılara XƏBƏRDARLIQ: 3 gün qaldı - Deportasiya TƏHLÜKƏSİ

Rusiyada əcnəbilərin məcburi tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydalar sentyabrın 1-dən qüvvəyə minəcək. 

Aug 28, 2026 - 11:56
Rusiyaya gedən azərbaycanlılara XƏBƏRDARLIQ: 3 gün qaldı - Deportasiya TƏHLÜKƏSİ

SAVASHMEDIA.az xəbər verir ki, 10 iyun 2026-cı ildə qəbul edilmiş 162-FZ saylı federal qanunla əcnəbilərin tibbi müayinəsi üçün vahid müddət müəyyənləşdirilib. 

Sentyabrın 1-dən etibarən müvafiq kateqoriyaya daxil olan şəxslər Rusiyaya daxil olduqları gündən etibarən 30 təqvim günü ərzində tibbi müayinədən keçməli olacaqlar.

İndiyədək Rusiyada 90 gündən artıq qalmağı planlaşdıran və işləmək məqsədi ilə gəlməyən bəzi əcnəbilər üçün bu müddət 90 gün idi. İş məqsədi ilə gələnlər üçün isə 30 günlük müddət artıq tətbiq olunurdu. Yeni qanun müxtəlif kateqoriyalar üzrə müddətləri vahidləşdirir.

Hansı xəstəliklər yoxlanılacaq?

Məcburi tibbi müayinə zamanı əcnəbilərdə təhlükəli yoluxucu xəstəliklərin, HİV infeksiyasının, həmçinin narkotik və psixotrop maddələrdən istifadənin olub-olmaması yoxlanılacaq.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, əcnəbidə təhlükəli yoluxucu xəstəlik aşkarlandığı halda onun ölkədən çıxarılması üçün operativ tədbirlər görüləcək.

Müayinəni keçməyənləri nə gözləyir?

Yeni qaydalar tibbi müayinədən yayınan əcnəbilər üçün də daha sərt məsuliyyət müəyyənləşdirir.

Sentyabrın 1-dən məcburi tibbi müayinədən imtina və ya yayınma halında 25 min rubldan 50 min rubladək cərimə tətbiq oluna bilər. Bəzi hallarda şəxsin Rusiyadan inzibati qaydada çıxarılması da nəzərdə tutulur.

Müayinə hər il keçiriləcək

Dəyişiklik yalnız Rusiyaya girişdən sonrakı ilk müayinə ilə məhdudlaşmır.

Yeni qanun müvafiq kateqoriyaya daxil olan əcnəbilərin tibbi müayinədən illik əsasda təkrar keçməsini də nəzərdə tutur. Növbəti müayinə əvvəlki müayinədən bir il keçdikdən sonra 30 təqvim günü ərzində aparılmalıdır.

Müayinənin xərclərini əcnəbinin özü, yaxud işəgötürən və ya iş sifarişçisi ödəyə bilər.

Məlumatlar dövlət qurumlarına elektron ötürüləcək

Yeni sistemin əsas xüsusiyyətlərindən biri tibbi məlumatların dövlət qurumları arasında daha sürətli elektron mübadiləsidir.

Qanunla tibbi təşkilatların müayinə nəticələri ilə bağlı məlumatları müəyyən edilmiş elektron sistemlər vasitəsilə aidiyyəti dövlət qurumlarına ötürməsi nəzərdə tutulur. Bu, miqrasiya nəzarətinin gücləndirilməsi məqsədi daşıyır.

Oğuz