SEPAH və Netanyahu atəşkəsə razılaşmırmış - Onları yola gətirənlərin ADLARI
ABŞ ilə İran arasında iki həftəlik atəşkəs elan olunub.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ mətbuatı 11 mənbəsinə istinadla İranın atəşkəsə razılaşması ilə bağlı detalları yazıb.
Nəşr qeyd edib ki, ABŞ ilə İran arasında 6 apreldə başlayan danışıqlar son dərəcə gərgin keçib. Pakistanın vasitəçiliyi ilə baş tutan danışıqlar zamanı İranın XİN rəhbəri Abbas Araqçı ABŞ-yə 10 maddəlik təkliflər paketini təqdim edib. ABŞ-nin Orta Şərq üzrə təmsilçisi Stiv Uitkoff bu təklifə etiraz edərək onu “fəlakət” adlandırıb.
SEPAH
Gün ərzində pakistanlı vasitəçilər tərəflərin layihə mətnlərini Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçıya çatdırıblar. Türkiyə və Misirdəki diplomatik əlaqələrin də dəstəyi ilə gecə ərzində iki həftəlik atəşkəs üçün zəmin hazırlanıb.
Mənbənin məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçı həm danışıqların aparılmasında, həm də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) razı salınmasında həlledici rol oynayıb. SEPAH-ın razı salınmasından sonra isə gözlər İranın Ali Rəhbəri Müctəba Xameneiyə çevrilib. İki günlük danışıqlar prosesinə təhlükəsizlik səbəbi ilə Müctəba Xamenei dolayı yolla daxil olub. Yalnız onun “razılaşın” əmrindən sonra İran atəşkəsə razılaşıb. Mənbə bildirib ki, bu, Müctəba Xameneinin ABŞ,İsrail – İran müharibəsi başlayandan bəri prosesə ilk müdaxiləsi və ilk verdiyi əmrdir.
Mənbə Trampın “Bu gecə İran sivilizasiyası məhv ediləcək” bəyanatından sonra bəzi media orqanlarının yaydığı “İran danışıqları tərk etdi” başlıqlı xəbərlərə də aydınlıq gətirib. Bildirib ki, bu xəbərlər əsassız iddiadan başqa bir şey deyil, İran bu müddət boyunca heç vaxt danışıqlardan çəkilməyib.
Müctəba Xamenei
Atəşkəsin elan edilməsindən əvvəl Donald Tramp Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Yalnız Netanyahudan razılaşmaya əməl edəcəyi ilə bağlı zəmanət aldıqdan sonra atəşkəs qərarını elan edib. Mənbə İsrail rəsmisinə istinadla bildirib ki, Netanyahu da İranın nüvə proqramı və ballistik raket fəaliyyəti ilə bağlı ABŞ-dən zəmanət alıb.
Trampın Pakistan Ordusunun Qərargah rəisi Asim Munir ilə danışığından sonra ABŞ Ordusuna İrana qarşı əməliyyatları dayandırmaq əmri verilib.
Benyamin Netanyahu
Nəşr qeyd edib ki, hazırda tərəflər Pakistandakı danışıqların yeni mərhələsinə hazırlaşırlar. ABŞ nümayəndə heyətinə Vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəyi gözlənilir. Görüşə ümid böyük olsa da, tərəflər arasındakı dərin fikir ayrılıqları səbəbindən müharibənin yenidən başlama ehtimalı da istisna edilmir.
Vəsilə İBRAHİM