Tramp Putin əleyhinə paylaşım etdi - "Yalanı və nifrəti seçdi"

ABŞ-nin iqtidara yaxın “Nyu York Post” qəzeti Rusiya Prezidenti Vladimir Putini sərt şəkildə tənqid edib.

Jan 1, 2026 - 17:41
Tramp Putin əleyhinə paylaşım etdi - "Yalanı və nifrəti seçdi"

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən məqalədə (“Putinin “hücum” göstərişi Rusiyanın sülhə qarşı olduğunu göstərir”) Tramp-Zelenski görüşündən bəhs olunub.

Bildirilib ki, görüş nikbin ab-hava ilə keçib, Zelenski sülhün olması üçün planın bir çox bəndində güzəştə gedib. Tramp isə görüşdən sonra bildirib ki, dağıdıcı müharibənin sonu artıq daha yaxındır.

Nəşr daha sonra qeyd edir ki, Putin diktatordur və yalan danışır. Əslində ukraynalılar onun iqamətgahına hücum etməyiblər, ruslar Zelenskini öldürməyə çalışıblar:

“Rusiya diktatoru Vladimir Putin yalanı, nifrəti və ölümü seçdi. Putin iddia edirdi ki, ukraynalılar onu iqamətgahında öldürmək üçün dronları işə salıblar. Amma əslində pilotsuz təyyarənin hücumu baş verməyib. Zelenski də bunu qətiyyətlə təkzib edib. Peskov isə rusların heç bir dəlil təqdim edə bilməyəcəyini bildirib və mətbuatı Kremlin sözünə inanmağa çağırıb. Sui-qəsd məsələsinə gəldikdə isə Moskva özü dəfələrlə Zelenskini öldürməyə cəhd edib”.

“NYP” bildirib ki, Kreml qəsdən binaları hədəf alır, mülki insanları öldürür:

“Rusiya Milad bayramında Kiyev və Ukraynanın digər şəhərlərinə  zərbə endirərək 7 mülki şəxsin ölümünə səbəb olub. Onlar ukraynalıları cəzalandırmaq üçün çoxmərtəbəli binalara və elektrik stansiyalarına zərbə endirirlər. Ruslar uşaqları qaçırılar, məhbuslara işgəncə verirlər. Hətta edam edirlər. Putinin müharibəni başlatmaq üçün açıqladığı səbəblər yalandır. Ukrayna nasistlər tərəfindən idarə olunmur”.

Nəşr həmçinin Vladimir Putinin İran və Venesuela ilə bağlı apardığı siyasəti də pisləyib:

“Rusiya uzun müddətdir İranı dəstəkləyir. Hətta İslam rejimi üçün yaxın zamanda üç rabitə peyki buraxdı. Putin Trampı İranla bağlı (Trampın İranın nüvə obyektlərinə yenidən zərbə endirməklə bağlı açıqlamasından sonra) təmkinli olmağa çağırdı. Rusiya lideri narkotik taciri Nikolas Maduronu da müdafiə edir. Korrupsiyalaşmış, narkotik qaçaqmalçılığı ilə məşğul olan Maduro rejimini dəstəkləyir və Trampın oradakı əməliyyatlarına qarşı çıxır…”

Qeyd edək ki, bu məqaləni ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” şəbəkəsindəki hesabında paylaşıb.

Banu