"Turan Tovuz"la "Zirə"dən də DANIŞDI - Qurbanovdan məğlubiyyət ŞƏRHİ
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Tvente"yə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırmaları haqda danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə 1:0 hesablı qələbə qazansa da, bugünkü cavab oyununda rəqibinə 1:4 hesabı ilə uduzub.
Mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında məğlubiyyəti və komandasının oyununu dəyərləndirib:
“Təəssüf ki, məğlub olduq. Belə nəticə istəmirdik. Əlbəttə, səhvlərimiz var idi, amma meydanda mübarizə aparan bir kollektiv gördüm. Çatışmazlıqlarımız oldu. Rəqibi təbrik edirəm. Heç olmasa Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək istəyirdik. Bundan sonra işimizə daha məsuliyyətlə yanaşmalıyıq. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Azarkeşlər möhtəşəm ab-hava yaratdılar.”
Q.Qurbanov oyunda dönüş nöqtəsinin hansı məqam olması ilə bağlı suala isə belə cavab verib: “Hücumda rotasiyalar edə bilmirdik. Çatışmazlıqlarımız var idi və belə bir komandaya qarşı hücumda daha sürətli olmalı idik. “Tvente” topla çox yaxşı davranır.”
Baş məşqçi avrokuboklardan kənarda qalmağın komandanın daha da birləşməsi baxımından faydalı olub-olmayacağına da münasibət bildirib: “Dəyişikliklərə başlayanda rəhbərliklə uzun söhbətimiz oldu. Hiss olunurdu ki, dəyişikliklər zəruridir. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda iştirak etməmək bizə fayda verəcək. Amma Avropa təcrübəsi də artıq olmazdı. Bu, futbolçular üçün əlavə məsuliyyət və əlavə təcrübə demək idi. Komandada dəyişikliklər etməyə çalışırıq və ümid edirəm ki, bu dəyişikliklər yaxşıya doğrudur. Futbol hər il inkişaf edir və komanda formalaşdırmaq, rəqiblərlə bərabər səviyyədə oynamaq üçün biz daha da inkişaf etməliyik.”
Mütəxəssis avrokuboklardakı seriyalarının 13-cü ildə dayanması barədə isə deyib: “Mən elə şeylərə çox da inanmıram. Sadəcə, 13 rəqəmini özümüz seçmişik. Belə detallara diqqət yetirməyə dəyməz.”
O, Bruno Lanqunun əvəzlənməsinin səbəbini də açıqlayıb: “O, ikinci sarı vərəqəni ala bilərdi. Oyun gərginləşirdi və risk etməmək üçün onu meydandan çıxardıq.”
Q.Qurbanov Azərbaycan çempionatında yenidən çempionluq uğrunda mübarizə aparacaqlarını bildirib: “Çempionatda rəqabət artıb. “Sabah”, “Neftçi”, “Zirə” güclənib. “Turan Tovuz”u da qeyd etməliyəm, yaxşı heyət formalaşdırıblar. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, futbolçular optimal formaya çatacaqlar.”
Baş məşqçi azarkeşi olduğu “Barselona”nın Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a rəqib olması ilə bağlı da fikirlərini bölüşüb: “Stadionda olsam, “Sabah”a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzulayıram. Burada əlavə ediləsi çox şey yoxdur. “Barselona”ya digər oyunlarda azarkeşlik edəcəyəm.”
Qurban Qurbanov heyətin kasad olması və transferlərin oyun günü açıqlanması ilə bağlı tənqidlərə də münasibət bildirib: “Gecikdik. Ümumi transfer işlərinə yanvar ayından başlamışdıq. Bacardığımızı tez bir zamanda etdik. Əgər bu transferlər heç olmasa, 10 gün əvvəl gerçəkləşsəydi, faydası ola bilərdi. Alınmadı... Heyətlə bağlı problemlərimiz də var idi, gözlənilməz zədələr baş verdi. Artıq itirəcək heç nəyimiz yoxdur. Görünür, bu gün bizə məğlubiyyət qismət idi. İndi əsas sual budur ki, buna necə reaksiya verəcəyik.”