Yazıçı-publisist Vəli Həsənoğlunun “Qovuşuq” kitabının təqdimatı olub - FOTO

2026-cı il oktyabrın 13-də Qərbi Azərbaycan İcmasının Akt zalında yazıçı-publisist Vəli Həsənoğlunun “Qovuşuq” kitabının təntənəli təqdimat mərasimi baş tutub.

Oct 13, 2026 - 22:51
Yazıçı-publisist Vəli Həsənoğlunun “Qovuşuq” kitabının təqdimatı olub - FOTO

​SAVASHMEDİA.az xəbər verir ki, tədbirin əsas qayəsini Dərələyəz mahalının zəngin tarixi-mədəni irsinin, görkəmli ziyalılarının və milli dəyərlərinin gənc nəslə aşılanması, Qovuşuq kəndinin keçmişinin, adət-ənənələrinin və tanınmış şəxsiyyətlərinin geniş ictimaiyyətə tanıdılması təşkil edib.

Həmçinin tarixi yaddaşın bərpası, milli-mənəvi köklərə bağlılığın möhkəmləndirilməsi və gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.

​Mərasimi giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova nəşrin tarixi və elmi əhəmiyyətinə diqqət çəkib. Professor bildirib ki, “Qovuşuq” kitabı yalnız bir kəndin deyil, ümumilikdə Qərbi Azərbaycanın tarixi salnaməsini, mədəniyyətini və insanlarının həyat yolunu öyrənmək baxımından dəyərli bir mənbədir. Mahirə Hüseynova vurğulayıb ki, tarixi yurd yerlərimizin hər bir guşəsinin araşdırılması, sənədləşdirilməsi və şəxsi xatirələrlə zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi mühüm vəzifələrdəndir.

​Daha sonra çıxış edən kitabın müəllifi, yazıçı-publisist Vəli Həsənoğlu əsərin ərsəyə gəlmə prosesi və aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. Müəllif qeyd edib ki, kitab üzərində işləyərkən arxiv materiallarından, rəsmi sənədlərdən və xüsusilə kənd sakinləri ilə nəsillərin canlı xatirələrindən geniş bəhrələnmışdir. O, şahidlərin xatirələrinin yazılı mənbələrdə yer almayan önəmli detallarını işıqlandırdığını xüsusi qeyd edərək, tədqiqat prosesinə dəstək olan və xatirələrini bölüşən hər kəsə minnətdarlığını bildirib.

​Tədbirdə Azərbaycan Televiziyasının əməkdaşı Aybəniz Məmmədəliyeva da söz alaraq, nəşrin mənəvi dəyərindən və Qərbi Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasındakı rolundan bəhs edib.

​Mərasimdə, həmçinin Qovuşuq kənd İcmasının sədri ​Gövhər Zülfüqarova, BDU-nun professoru, tarix elmləri doktoru Zeynal Həsənəliyev, ​Keşkənd rayon İcmasının sədr müavini, şair-publisist Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, Əməkdar mədəniyyət işçisi, şairə-publisist və jurnalist Telli Pənahqızı çıxış edərək kitabın etnoqrafik və tarixi dəyərini yüksək qiymətləndiriblər.

​Çıxışçılar kitabın doğma torpaqlara qayıdış ruhunu yaşatdığını və gələcək elmi araşdırmalar üçün etibarlı bünövrə rolunu oynayacağını qeyd ediblər.

​Qeyd edək ki, kitabın ön sözündə əsərin etnoqrafik zənginliyi, tarixi faktlarla şəxsi hekayələrin vəhdəti xüsusi vurğulanır. Həmçinin nəşrdə Mahirə Nağıqızının “Keçəydim” şeirinə yer verilməsi kitabda doğma yurda həsrət və mənəvi-emosional bir ruh qatır.

​Tədbirin yekununda Qərbi Azərbaycan İcmasının yeni üyələrinə üzvlük vəsiqələri təqdim olunub və xatirə fotosu çəkdirilib.