ABŞ Simonyan kimilərinin imperiya xiffətini oyadıb

Tramp administrasiyasının Ukraynaya qarşı yolverilməz davranışından ruhlanan Kremlin xəstə təxəyyüllü təbliğatçıları artıq Rusiya imperiyasının bərpa olunması xülyasına düşüblər.

Apr 16, 2025 - 18:38
ABŞ Simonyan kimilərinin imperiya xiffətini oyadıb

SAVASHMEDİA.az xəbər verir ki, belə təbliğatçıların “parlaq” nümayəndələrindən biri olan “Russia Today”in rəhbəri Marqarita Simonyan həmkarı Vladimir Solovyoovun proqramında məkrli erməni xislətini nümayiş etdirib. 

“Qarabağ münaqişəsi, Osetiya-İnquş münaqişəsi, Tacikistan münaqişəsi, Gürcüstanda vətəndaş müharibəsi, Abxaziya münaqişəsi, Osetiya münaqişəsi, Dnestryanı... Sadəcə dəhşətdir. Bir-birinin ardınca yalnız münaqişələr. Bəs niyə bu rusların dövründə baş vermədi? Çünki Ana Rusiya hamını sakitləşdirir, hamını yedizdirir, hamı normal yaşayırdı”, - deyə Simonyan guya çar Rusiyasının xiffətini çəkdiyinə diqqəti cəlb etmək istəyib.

Onun sözlərinə görə, indi Rusiya özünə məxsus olanı geri qaytarır: “Pirat gəmilərlə bütün yerin təkini daşımadan qadınları zorlamadan, süni aclıq təşkil etmədən dünyaya başqa cür dost olmağın yollarını göstərir”.

Buna nümunə olaraq erməniəsilli jurnalist Sahel ölkələrinin xarici işlər nazirlərinin Rusiyaya səfərini göstərib: “Bunlar hamının çoxdan unutduğu Afrika ölkələridir, biz isə xatırladıq. Və biz onlarla sadəcə dostluq edirik. Gəldilər, hamısı bizə müsahibə verdilər. Hamısı dedi ki, yeri gəlmişkən, “Russia Today”ə baxırlar, hətta öz ölkələrində də”. 

Bu yerdə aparıcı Vladimir Solovyov gülümsəyir. 

Simonyan isə boşboğazlığını davam etdirir: “Bizim belə yumşaq gücümüz var, mən çox şadam, çox minnətdaram. Hamının evə getmək vaxtıdır. Bizimlə dost olmağın vaxtıdır. Sizi inandırıram ki, əgər tamamilə gözlənilməz heç nə baş verməsə, Allahın köməkliyi ilə hazırda baş verən bu münaqişə bu il başa çatacaq. Və biz hələ görəcəyik ki, yeni İrakli çarları təzədən  diz üstündə Ana Rusiyadan onları evlərinə götürməsi üçün yalvaracaqlar”.

Təəccüblənirikmi? Əsla. Çünki 5 il əvvələdək Simonyanın vətəni Ermənistanda da “dənizdən-dənizə”, yeni torpaqların işğalı xülyasına düşənlərin sayı çox idi. Müzəffər Azərbaycan Ordusu “xəstə təxəyyüllülərə” yerlərini birdəfəlik göstərdi. Ümid edirik ki, bütün tramplara baxmayaraq, Ukrayna ordusu da bu şücaəti bütün dünyaya nümayiş etdirə biləcək. Çünki hazırda rusların imperiya iştahının qarşısını alan məhz ukraynalılardır. Odur ki, Ukraynanın qələbəsi hamıya, xüsusilə də Rusiyanın imperiya siyasətindən əzab çəkmiş ölkələrə, o cümlədən Azərbaycana da hava-su kimi vacibdir.

Xatirə SADİQ