"Ada satılmır, onu ancaq neft maraqlandırır" - Qrenlandiyadan Trampa ETİRAZ

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçəcəyi ilə bağlı növbəti açıqlamaları adada narazılıqla qarşılanıb.

Jul 9, 2026 - 13:20
"Ada satılmır, onu ancaq neft maraqlandırır" - Qrenlandiyadan Trampa ETİRAZ

SAVASHMEDİA.az xəbər verir ki, Tramp NATO sammitindəki çıxışı zamanı Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıdığını bildirib və ada üzərində nəzarəti təmin etmək istəyini bir daha dilə gətirib.

Buna cavab olaraq Qrenlandiyanın Baş naziri Jens-Frederik Nielsen adanın satılmasının mümkün olmadığını bildirib.

Qrenlandiyanın paytaxtı Nuukda keçirilən ənənəvi kayak çempionatı zamanı rəyi soruşulan sakinlər də Trampın bəyanatlarını "qəbuledilməz" adlandıraraq bildiriblər ki, adanın gələcəyi ilə bağlı qərarı yalnız qrenlandiyalılar verməlidir.

Yerli sakin Frederik Larsen jurnalistlərə açıqlamasında Trampın əsas marağının Qrenlandiyanın zəngin təbii sərvətləri olduğunu deyib.

"O, yalnız faydalı qazıntıları və nefti düşünür. Biz özümüzü idarə edə bilirik", – deyə o bildirib.

Məktəb müəllimi Birgithe Geisler isə Qrenlandiyanın gələcəyinin kənardan müəyyən edilə bilməyəcəyini vurğulayaraq, "Qrenlandiya qrenlandiyalılara məxsusdur. Bizim yerimizə heç kim qərar verməməlidir" ifadələrini işlədib.

Aytən