Ağcabədili axund Nizami Gəncəviyə necə çevrildi? - Məşhur portret belə yaranıb

Bu gün hamının dərsliklərdə, kitablarda və heykəllərdə gördüyü Nizami Gəncəvi portretinin necə yarandığını çox adam bilmir. 

May 11, 2026 - 13:29
Ağcabədili axund Nizami Gəncəviyə necə çevrildi? - Məşhur portret belə yaranıb

Maraqlıdır ki, əsrlər əvvəl yaşamış dahi şairin dövrümüzə gəlib çatan heç bir real şəkli olmayıb. Buna baxmayaraq, illər sonra yaradılan bir portret onun ən məşhur obrazına çevrilib.

SAVASHMEDİA.az xəbər verir ki, 1939-cu ildə Azərbaycan SSR Mərkəzi Komitəsi tərəfindən Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edilir. 

Həmin dövrdə yubileyə hazırlıq işləri geniş vüsət alır. Lakin təşkilatçılar qarşısında mühüm bir problem dayanırdı – şairin istifadə edilə biləcək heç bir təsviri yox idi.

Bu səbəbdən xüsusi müsabiqə elan olunur. Tarixçilər, ədəbiyyatşünaslar və rəssamlar bir araya gətirilir, Nizaminin mümkün xarici görünüşü üzərində müzakirələr aparılır və müxtəlif portret variantları hazırlanır.

Məşhur şərqşünas və nizamişünas Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı şairin ehtimal olunan görünüşü barədə fikirlərini bölüşərkən, dahi bəstəkar Üzeyir Hacıbəyli maraqlı bir təkliflə çıxış edir.

Üzeyir bəy bildirir ki, Ağcabədidə Nizaminin təsvir edilən xüsusiyyətlərinə uyğun bir axund tanıyır. Bundan sonra həmin şəxs Bakıya gətirilir və ona Tarix-Diyarşünaslıq Muzeyindən götürülmüş xüsusi geyimlər geyindirilir.

Model əsasında tanınmış rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini hazırlayır. Hazırlanan rəsm müsabiqənin qalibi seçilir və sonradan böyük şöhrət qazanır.

Beləliklə, bu gün hamının tanıdığı məşhur Nizami Gəncəvi portreti yaranır və Azərbaycan mədəniyyətinin ən tanınan simvollarından birinə çevrilir.

Səlcuq