"Azərbaycanla aramıza girmək istəyən ölkələr var" - AKP sözçüsü
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik Azərbaycan-Türkiyə münasibətlərində gərginlik olduğuna dair iddialara reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətinin olduğunu deyib.
Ö. Çelik hicab qadağası ilə bağlı məsələyə də aydınlıq gətirib:
“İki dövlət, bir millət deyirik. Azərbaycanla, həqiqətən, bu şüara sadiqik. Amma nəticə etibarilə hər kəsin öz daxili siyasi gündəmi fərqli ola bilər. Daxili və xarici siyasətlə bağlı qiymətləndirmələrdə fərqliliklər ola bilər. Biz bunlarla bağlı fikir ayrılığı yaşadıqda belə, iki qardaş ölkə olaraq danışaraq, bütün bunları açıq şəkildə bölüşərək yolumuza davam edirik”.
AKP sözçüsü bildirib ki, Türkiyə ilə Azərbaycan arasına girməyə çalışan bəzi ölkələr var. Bu ölkələrə qətiyyən imkan verməyəcəklər.
Bununla yanaşı Ömer Çelik özü də etiraf edib ki, Türkiyədə bəzi qruplar, siyasətçilər, media qurumları və sosial media strukturları Azərbaycanı hədəf alıb:
“Bunun və bunu edənlərin hər hansı formada partiyamızla, hökumətimizlə əlaqəsi yoxdur, olması da mümkün deyil. Onlar bunu öz təşəbbüsləri ilə edirlər. Buradan onlara bildirirəm ki, Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı varmış kimi bir təsəvvür yaradılmasına, qardaşlığımıza xələl gətirilməsinə imkan verməyəcəyik. Onların yaratmış olduqları bu durumdan da narazıyıq”.
AKP rəsmisi qeyd edib ki, Bakı ilə Ankara arasında əlaqələr olduğu kimi davam edir:
“Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında, eləcə də Ankara ilə Bakı arasında təmaslar davam edir. Biz iki dövlət, bir millətik. Qardaşlığımız əbədi qardaşlıqdır. Bundan sonra da eyni qardaşlıq və həmrəyliklə yolumuza davam edəcəyik”.
Banu
Посмотреть эту публикацию в Instagram