Baydenin övladları dövlət mühafizəsindən məhrum edildi
ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter Bayden və Eşli Bayden üçün məxfi xidmətin mühafizəsini ləğv edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı prezident “Truth Social” sosial şəbəkəsində yazıb.
“Hanter Bayden uzun müddətdir ki, Birləşmiş Ştatların vergi ödəyiciləri tərəfindən ödənilən məxfi xidmətin mühafizəsindən istifadə edir. Bu heyətdə 18 nəfərə qədər xəfiyyə var, bu sadəcə gülüncdür! O, hazırda insan haqlarının ciddi şəkildə şübhə altına alındığı Cənubi Afrikada istirahət edir. Bununla əlaqədar Cənubi Afrika iqtisadi və maliyyə yardımı alan ölkələr siyahısından çıxarılıb. Sizə bildiririk ki, bu gündən etibarən Hanter Bayden artıq məxfi xidmətdən mühafizə almayacaq. 13 xəfiyyəsi olan Eşli Bayden də siyahıdan çıxarılacaq”, - deyə Tramp vurğulayıb.
“Reuters” yazır ki, Trampın bəyanatı müxbirin ona Hanter Baydeni qoruyan məxfi xidmət haqqında sual verməsindən bir neçə saat sonra ortaya çıxıb.
Jurnalistə cavab verərəkən Tramp bu barədə məlumatının olmadığını, lakin məsələni araşdıracağını bildirmişdi.
Xatirə SADİQ