İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi – “Reuters”

İran nüvə proqramı ilə bağlı birbaşa danışıqlara dair ABŞ-nin tələblərini rədd edib.

Apr 7, 2025 - 12:40
İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi – “Reuters”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adını çəkmədiyi yüksək vəzifəli iranlı məmura istinadən məlumat yayıb.

Agentlik yazır ki, bununla belə Tehran rəqiblər arasında ismarıc mübadiləsi üçün ənənəvi kanal rolunu oynayan Oman vasitəsilə dolayı məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirib.

Mənbənin sözlərinə görə, dolayı danışıqlar Vaşinqtonun Tehranla siyasi nizamlanmanın əldə edilməsində ciddiliyini qiymətləndirməyə imkan verir. Lakin,  məmur xəbərdarlıq edib ki, bu yol “daşlı” ola və danışıqlar yalnız ABŞ-nin İranın ismarıclarını dəstəklədiyi təqdirdə başlaya bilər.

“Tehran qonşularına – İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Bəhreynə xəbərdarlıq göndərib ki, İrana mümkün hərbi hücumda ABŞ-yə hər hansı dəstək, o cümlədən onların hava məkanından və ya ərazisindən Amerika qoşunlarının yerləşdirilməsi üçün istifadə edilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək”.

Məmur bildirib ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.

Xatırladaq ki, martın əvvəlində Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı təkliflə məktub göndərdiyini bildirib.

Martın 30-da İran prezidenti Məsud Pezeşkian deyib ki, İranın nüvə proqramı ilə ağlı ABŞ ilə birbaşa danışıqları rədd edir. Bu ölkənin Trampın İslam Respublikasının ali rəhbərinə göndərdiyi məktuba ilk cavab olub.

Həmin gün Tramp bildirib ki, İran nüvə silahı yaratmaq üçün ABŞ ilə razılığa gəlməsə, misli görünməmiş bombardmanlarla üzləşəcək.

Xatirə SADİQ