İyun ayında bahalaşan məhsulların SİYAHISI
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
SAVASHMEDİA.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz təşkil edib.
Bildirilib ki, 2025-ci ilin iyun ayı ilə müqayisədə bu ilin iyununda illik istehlak qiymətləri 5,8 faiz artıb, aylıq müqayisədə isə qiymətlərdə 0,3 faiz azalma qeydə alınıb.
İyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki ayla müqayisədə 0,7 faiz azalıb, ötən ilin eyni ayına nisbətən isə 7,1 faiz yüksəlib.
Ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunub. Belə ki, qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, qazlı və qazsız sular bahalaşıb.
Eyni zamanda təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətində ucuzlaşma qeydə alınıb.
Qeyri-qida məhsulları üzrə qiymətlər iyunda əvvəlki ayla müqayisədə 0,1 faiz, ötən ilin eyni ayına nisbətən isə 3,8 faiz artıb. Bu dövrdə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonların qiymətləri yüksəlib, məişət avadanlıqları və zərgərlik məmulatları isə ucuzlaşıb.
Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri iyunda aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 5,6 faiz artıb. Ay ərzində beynəlxalq hava nəqliyyatı ilə sərnişindaşıma və ölkədaxili istirahət turlarının qiymətləri bahalaşıb.
Digər məhsul və xidmət qruplarında ciddi qiymət dəyişiklikləri qeydə alınmayıb.