Nəsiminin və erməni qadının İFADƏLƏRİ YAYILDI - "Məni çarpayıya ataraq..."
Ermənistanın Sünik vilayətinin Şaki kəndində baş vermiş insidentlə bağlı yaralanan erməni qadın Ani Avetisyanın və Azərbaycan hərbçisi Nəsimi Musayevin ifadələri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, tərəflərin hadisə ilə bağlı danışdıqları bir-birindən ciddi şəkildə fərqlənib.
39 yaşlı qadının sözlərinə görə, o, hadisədən xəbər tutduqdan sonra evə gəlib və silahlı şəxsin uşaqlarını hədəf aldığını görüb. Avetisyan iddia edib ki, Nəsimi Musayev əvvəlcə ona atəş açıb, daha sonra oğluna silah tuşlayıb. O, uşağını qorumaq üçün silahı kənara çəkməyə çalışarkən əlindən yaralandığını deyib.
Qadının sözlərinə görə, bundan sonra Musayev onu çarpayıya ataraq vurmağa başlayıb. O, qızına qapını açmağı tapşırdığını, oğlunu da evdən çıxarmağa çalışdığını bildirib.
Fotoda Ani Avetisyan və oğlu
Avetisyan iddia edib ki, silahlı şəxs daha sonra silahı onun sinəsinə tuşlayıb. Qadın silahı aşağı itələyərkən açılan atəş nəticəsində ayağından yaralanıb. O, mətbəx bıçağı ilə Musayevə xəsarət yetirdikdən sonra hərbçinin evdən qaçdığını söyləyib.
“Əgər həmin an müdaxilə etməsəydim, nə mən, nə də uşaqlar sağ qalardıq”, - Avetisyan “Azatutyun”a bildirib.
Nəsimi Musayev nə deyib?
Ermənistanın “Joqovurd” qəzetinin yaydığı məlumata görə, Nəsimi Musayev istintaqa verdiyi ifadədə evə daxil olarkən heç kimə zərər vermək niyyətinin olmadığını bildirib.
Qəzetin məlumatına əsasən, Musayev bir neçə dəfə ondan getməsinə icazə verilməsini istədiyini iddia edib. Onun sözlərinə görə, ev sahibi qadın silahın ön hissəsindən tutduqdan sonra atəş açıb.
Musayev yazılı ifadəsində atışmadan sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla xəsarət yetirdiyini və onu döydüyünü iddia edib. O, yaralı vəziyyətdə evdən qaçdığını, hüquq-mühafizə orqanlarının əməkdaşlarının isə sonradan onu sahədə tapdığını bildirib.
Oğuz