Paşinyan bu kəndimizi Ermənistan xəritəsinə qatdı - Ölkəsinin sahəsini AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ərazisinin 29 743 kvadrat kilometr olduğunu açıqlayıb.

Aug 28, 2026 - 16:25
Paşinyan bu kəndimizi Ermənistan xəritəsinə qatdı - Ölkəsinin sahəsini AÇIQLADI

SAVASHMEDIA.az xəbər verir ki, Paşinyan bu hesablamaya Azərbaycanın Ermənistan ərazisində yerləşən Kərki, Yuxarı Əskipara və Sofulu-Barxudarlı anklavlarının daxil edilmədiyini bildirib.

Lakin o, Azərbaycanın Gədəbəy rayonunda yerləşən Başkənd kəndini Ermənistanın eksklavı hesab edərək, sözügedən 29 743 km²-lik ərazi göstəricisinə daxil edib.

Xatırladaq ki, əvvəlki illərdə Ermənistanın ərazisi Azərbaycanın anklavları da nəzərə alınmaqla təxminən 29 787 km² göstərilirdi. Paşinyanın açıqladığı 29 743 km² rəqəmində isə Azərbaycanın Ermənistan ərazisində qalan anklavları hesablamaya daxil edilmir.

Beləliklə, indi Ermənistanın ərazisi hesablanarkən Azərbaycanın üç anklavı nəzərə alınmır, Ermənistanın Azərbaycanda yerləşən Başkənd eksklavı isə hesablamaya daxil edilir.

Anklav və eksklavların gələcək taleyinin isə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində həll olunacağı gözlənilir. Bu ərazilərin statusu uzun illərdir Bakı ilə İrəvan arasında müzakirə olunan məsələlər sırasındadır.

Aytən