Ruslar öz meyitlərini pasportları ilə Ukraynaya göndərirlər – Zelenski
Həlak olmuş hərbçi kimi Ukraynaya təhvil verilən 20 nəfərin cəsədinin rus olduğu üzə çıxıb.
SAVASHMEDİA.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, Moskva təhvil verilən meyitlərin yalnız Ukrayna hərbçiləri olduğuna əmin edib. Lakin bunun yalan olduğu üzə çıxıb və bu hal “artıq qeydə alınıb”.
Zelenski diqqətə çatdırıb ki, bəzən cəsədlər hətta Rusiya pasportları ilə olub: “Onlar hətta kimi göndərdiklərini belə yoxlaya bilmirlər. Biz, şübhəsiz ki, bütün döyüşçülərimizi və qəhrəmanlarımızın cəsədlərini geri qaytarmaq istəyirik. Lakin biz rusları yalnız sayına görə qaytarmaq istəmirik”.
Ukraya prezidentinin sözlərinə görə, rusiyalılar bunu məqsədli şəkildə, xüsusən də guya daha az itkiyə sahib olduqlarını sübut etmək üçün edirlər.
Zelenski hesab edir ki, Rusiya əsir mübadilələrindən həm də diplomatiyaya hazır olduğunu nümayiş etdirmək, ABŞ-ni Ukraynadan “qoparmaq”, liderlər səviyyəsində görüşləri ertələmək və yardımı dayandırmaq üçün istifadə edir.
Xatirə SADİQ