Sevdiyi qıza görə DÇ-2026-da bu Afrika ölkəsini dəstəkləyir - Saakaşvilidən ETİRAF

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili futbol üzrə Dünya Çempionatında Kabo-Verde millisini dəstəkləməsinin səbəbini maraqlı xatirə ilə izah edib.

Jun 26, 2026 - 14:40
Sevdiyi qıza görə DÇ-2026-da bu Afrika ölkəsini dəstəkləyir - Saakaşvilidən ETİRAF

SAVASHMEDİA.az-ın xəbərinə görə,həmişə zəif komandalara azarkeşlik etdiyini deyən Saakaşvili Kabo-Verdeyə simpatiyasının ikinci səbəbi kimi tələbəlik illərində yaşadığı unudulmaz sevgini göstərib.

"Birinci kursda Kiyev Universitetində oxuyarkən Antuaneta Lopes adlı çox gözəl kaboverdeli qıza aşiq olmuşdum. İki il - Sovet ordusuna çağırılana qədər universitetin auditoriyalarında eyni parta arxasında oturmuşuq. Kiyevin küçələrində, parklarında və kinoteatrlarında birlikdə gəzmişik", -  Saakaşvili bildirib.

Keçmiş prezident qeyd edib ki, həmin dövrdə universitetin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində çoxlu Kabo-Verde tələbəsi təhsil alırdı.

"Onlar digər Afrika ölkələrindən gələn tələbələrdən yüksək təhsil səviyyələri ilə seçilirdilər. Çox səmimi və mehriban insanlar idilər. Mən sonralar Kabo-Verde adalarında da olmuşam. Bu ölkə ərazi, mədəniyyət və etnik xüsusiyyətlərinə görə Afrikadan daha çox Avropaya yaxındır", – o bildirib.

Saakaşvili əlavə edib ki, Kabo-Verde yığması Dünya Çempionatında mübarizəni dayandıracağı təqdirdə, dəstəyini Niderland millisinə verəcək.

Qeyd edək ki, Kabo-Verde 2026-cı il Dünya Çempionatının əsas sürpriz komandalarından biri hesab olunur. Afrika təmsilçisi debüt mundialında ilk oyununda İspaniya ilə qolsuz heç-heçə edib, daha sonra isə Uruqvayla oyunda da xal qazanaraq futbol ictimaiyyətinin diqqətini üzərinə çəkib.

Oğuz