Üsyançıların qaldırdığı yeni İran bayrağı - Mənası və indikindən fərqi
ABŞ-də fəaliyyət göstərən bir sosial media platforması İran bayrağını dəyişib.
SAVASHMEDİA.az xəbər verir ki, bu dəyişiklik İran bayrağının ortasındakı “Allah” sözünün “Şir və Günəş” simvolu ilə əvəzlənməsidir.
Platforma bunu bir istifadəçinin xahişi ilə etdiyini açıqlayıb. Bu dəyişiklik çox keçmədən İranda da maraqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri bu bayraqdan istifadə ediblər.
“Şir və Günəş” simvolu nəyi ifadə edir?
Əvvəla onu bildirək ki, bayraqda “Şir və Günəş” simvolu İran üçün heç də yad deyil. Çünki 1979-cu ilə qədər İranın bayrağı üç rəng (yaşıl, ağ, qırmızı) və “Şir və Günəş” simvolundan ibarət idi. Bu simvolların seçilməsi də təsadüfi deyildi.
Yaşıl rəng – İslamı, xüsusilə şiəliyi, peyğəmbər nəslinə, seyidlərə bağlılığı, ümid və bərəkəti;
Ağ rəng – Sülh, saflıq, ədalət və tarazlığı;
Qırmızı rəng - qəhrəmanlıq, cəsarət, qan, şəhidlik, müdafiə və mübarizəni ifadə edirdi.
Şir - güc, cəsarət, hakimiyyət rəmzi sayılır və Həzrəti Əli (Allahın şiri Əli) ilə əlaqələndirilirdi. Şahlar bu simvoldan özlərini ilahi və qanuni hökmdar kimi göstərmək üçün istifadə edirdilər.
Günəş - həyat, nur və ilahi işıq simvolu hesab olunurdu. Şahlar bundan ilahinin bəxş etdiyi hökmranlığı vurğulamaq üçün istifadə edirdilər. Şir və Günəş ikisi bir yerdə “Güc və ilahi legitimliyi” bildirirdi.
Sözügedən simvollar Səfəvilər dövründən (XVI əsr) başlayaraq dövlət rəmzi kimi qəbul olundu. Qacarlar və Pəhləvilər dövründə isə monarxiyanın əsas simvoluna çevrildi.
“Şir və Günəş” simvolu niyə dəyişdirildi?
1979-cu ildə İranda şah rejimini devirən İslam inqilabından sonra “Şir və Günəş” simvolu bayraqdan götürüldü. Çünki islamçılar bu simvolları monarxiya və şah hakimiyyətini qalığı hesab edirdilər. Yeni bayraqda isə 3 rəng olduğu kimi saxlanılsa da, “Şir və Günəş” İslamı simvolizə edən “Allah” sözü ilə əvəz olundu. Bayrağa yaşıl və qırmızı zolaqların kənarında təkrarlanan “Allahu Əkbər” (Allah ən böyükdür) ifadəsi əlavə edildi. Rənglərdə isə Yaşıl islam inqilabını, Ağ sülhü, Qırmızı isə şəhidlik və mübarizəni ifadə etməyə başladı...
“Şir və Günəş” geri qayıdır?
İranda etirazların tüğyan etdiyi və sonuncu şahın oğlu Rza Pəhləvinin odlu-alovlu çıxışlar edərək etirazçılara “hücum əmri” verdiyi günlərdə “Şir və Günəş” simvolu bayraq fikrinin ortaya atılması heç də təsadüfi görünmür. ABŞ Prezidenti Donald Trampın da etirazçılara dəstək olduğunu nəzərə alsaq, cənub qonşumuzun rejim dəyişikliyinə yaxın olduğunu deyə bilərik.
İranda rejim dəyişikliyi reallaşar və İran şahının oğlu Rza Pəhləvi hakimiyyətə gələrsə, “Şir və Günəş” simvollu İran bayrağından istifadə ediləcəyi istisna deyil. Bunu isə etirazların nəticələri və zaman göstərəcək...
Banu