Zurabişviliyə edilən hücumun VİDEOSU - Prokurorluğa müraciət edildi
Tiflis Beynəlxalq Hava Limanında ölkənin beşinci prezidenti Salome Zurabişviliyə hücum olunması ilə bağlı Gürcüstan Prokurorluğuna iddia təqdim edilib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə onun maraqlarını təmsil edən vəkil Eka Beseliya bildirib.
“Bu, Cinayət Məcəlləsində mütəşəkkil qrup tərəfindən törədilən zorakılıq kimi müəyyən edilən ağır cinayətdir. Lakin bu, siyasi baxışlara görə baş verəndə, biz daha ağır cinayətlə üzləşirik”, deyə Beseliya əlavə edib.
Vəkilin sözlərinə görə, insidentdən sonra Zurabişvili tibbi müayinədən keçib və onun atılan əşyalardan xəsarət aldığı təsdiqlənib.
Beseliya nəzərə çatdırıb ki, hücumda 10-a qədər adam iştirak edib. Onlardan ən azı ikisini Zurabişvilini müşayiət edənlərin çəkdiyi kadrlardan müəyyən etmək olar.
Beşinci prezidentin mühafizə əməkdaşları bütün basqınçıları yadda saxladıqlarını və onları tanımağa hazır olduqlarını bildiriblər.
Beseliya hesab edir ki, hücum zamanı ərazidə bir polisin olmaması hücumun qəsdən edildiyini göstərir. Çünki adətən hava limanında həmişə növbətçi polislər olur.
Dünən Tiflis Beynəlxalq Hava Limanında Salome Zurabişviliyə yumurta atılıb və təhqir edilib. Srağagün eyni hadisə Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyaya qarşı törədilib. Hər iki siyasətçi Münhen Təhlükəsizlik Konfransında iştirak etdikdən sonra Almaniyadan Tiflisə qayıdırdılar.
Zurabişviliyə hücumun videosunu hökumətyönlü PosTV telekanalı “Facebook”da paylaşıb. Telekanal bildirib ki, hava limanında bir neçə qadın Zurabişviliyə “Genetikanızda xəyanət varmı?”, “Sənə nə qədər pul veriblər?”, “Siz casussunuz?” kimi suallarla yaxınlaşıblar.
Zurabişvili mühafizəsinin müşayiəti ilə hava limanını tərk edərkən onların istiqamətinə yumurtalar atılıb.
Xatirə SADİQ