“ABŞ-dən başqa hamınız ödəməlisiniz” - Trampdan xəbərdarlıq
“ABŞ-dən başqa bütün NATO ölkələri öz ÜDM-lərinin 5%-ni müdafiəyə xərcləməlidir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə ünsiyyəti zamanı bildirib.
“Hələ də NATO ölkələrinin ÜDM-nin 5%-ni müdafiəyə ayırmalı olduğuna inanırmı?” sualına cavabında Tramp bildirib ki, bunun belə olmasına inanır. Sonra isə amerikalı prezident bu məsələdə ABŞ ilə bağlı məqama toxunub.
“Mən düşünmürəm ki, biz bunu etməliyik. Amma hesab edirəm ki, NATO ölkələri etməlidir, bu, tamamilə mütləqdir. Biz artıq uzun illərdir NATO-nu dəstəkləmişik. Bir çox hallarda mən hesab edirəm ki, biz xərclərin demək olar ki, 100 faizini ödəmişik. Ona görə də mən düşünmürəm ki, bunu etməliyik, amma NATO ölkələri isə mütləq etməlidir”, - deyə Tramp vurğulayıb.
İspaniyanın bu həftə alyansın müdafiə xərclərini ÜDM-in 3,5 faizinə, müdafiə ilə bağlı xərcləri isə ÜDM-in 1,5 faizinə çatdırmaq planına açıq şəkildə qarşı çıxdığı məsələsinə gəlincə isə, Tramp hesab edir ki, həmin ölkə ilə NATO məşğul olmalıdır.
“İspaniya həmişə çox az ayırırdı. Həmişə belə olub - onlar çox az ödəyirdilər. İspaniya da qalan hər kəsin ödədiyi qədər ödəməlidir. İspaniya aşağı ödənişləri ilə məşhurdur”, - deyə ABŞ prezidenti əlavə edib.
Bu məqamda o, Kanadanı tənqid etməkdən özünü saxlaya bilməyib: “Bilirsinizmi, başqa kim daha az pul ödəyirdi? Kanada kimi tanınan ölkə. Çünki Kanada deyirdi: “Əgər ABŞ bizi onsuz da pulsuz qoruyursa, niyə pul ödəyək?”.
Xatırladaq ki, İspaniyanın baş naziri Pedro Sançes NATO-nun baş katibi Mark Rutteyə məktub göndərərək ondan müdafiə xərcləri üçün “daha çevik formusu”u nəzərdən keçirməyi xahiş edib. Madridin belə mövqeyi digər NATO üzvlərində qıcıq doğurub. Onlar ABŞ prezidenti Donald Trampı məmnun etmək məqsədi daşıyan kompromisin pozulmasından ehtiyat edirlər.
Xatirə SADİQ