“AES-ə hücum qəbuledilməzdir” – MAQATE

Zaporije Atom Elektrik Stansiyasında (ZNPP) iyulun 12-də axşam saatlarında yüzlərlə atəş səsləri eşidilib.

Jul 14, 2025 - 14:39
“AES-ə hücum qəbuledilməzdir” – MAQATE

SAVASHMEDİA.az Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) saytına istinadən xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Marianno Qrossi deyib. 

Onun sözlərinə görə, axşam saat 22.00-da başlayan çoxlu sayda atəş təxminən bir saat davam edib və qeyri-adi olub.

İyulun 13-də səhər saatlarında əraziyə səfər zamanı MAQATE komandası 5-ci və 6-cı reaktor bloklarının yaxınlığında yerə səpələnmiş çoxsaylı kiçik kalibrli mərmi gilizləri görüb. Amma sınmış pəncərələrin və ya başqa fiziki xəsarətlərin heç bir əlaməti aşkarlanmayıb. 

“Böyük atom elektrik stansiyasında və ya onun yaxınlığında belə hərbi fəaliyyət açıq şəkildə qəbuledilməzdir”, - deyə Qrossi bildirib.

O, bu ilin əvvəlindən atom elektrik stansiyaları yaxınlığında pilotsuz uçuş aparatlarından istifadənin açıq-aşkar artması ilə bağlı dərin narahatlığını ifadə edərək, belə silahların nüvə təhlükəsizliyinə açıq təhdid olduğunu bildirib.

“ Dəfələrlə qeyd etdiyim kimi, nüvə obyektinə istənilən hərbi hücum – dronlarla və ya onlarsız – nüvə təhlükəsizliyini təhdid edir və dərhal dayandırılmalıdır”, - deyə Qrossi diqqətə çatdırıb.

Xatirə SADİQ