Avtobus sürücüsünün qızı Nobeli necə qazandı? - Trampı qəzəbləndirən qadın KİMDİR?

2026-cı il Nobel Sülh Mükafatının laureatı Navi Pillayın həyat yolu irqi ayrı-seçkiliklə mübarizədən beynəlxalq məhkəmələrə, BMT rəhbərliyinə və dünyanın ən mübahisəli hüquqi proseslərinə qədər uzanır.

Oct 11, 2026 - 12:10
Avtobus sürücüsünün qızı Nobeli necə qazandı? - Trampı qəzəbləndirən qadın KİMDİR?

SAVASHMEDİA.az xəbər verir ki, Norveç Nobel Komitəsi oktyabrın 9-da Cənubi Afrikalı hüquqşünas Navanethem “Navi” Pillayı beynəlxalq hüququn və sülhün təşviqinə verdiyi töhfələrə görə mükafata layiq görüb. 

Lakin onun laureat elan edilməsi ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasına səbəb olub. O, mükafat sahibini tanımadığını deyərək Nobel Komitəsinin qərarını tənqid edib.

Bəs 85 yaşlı hüquqşünas kimdir, necə məşhurlaşıb və tarixə hansı qərarları ilə düşüb?

Avtobus sürücüsünün qızı

Navi Pillay 23 sentyabr 1941-ci ildə Cənubi Afrikanın Durban şəhərində, hindistanlı tamil mənşəli ailədə dünyaya gəlib. Atası avtobus sürücüsü işləyirdi Pillayın uşaqlıq və gənclik illəri Cənubi Afrikada aparteid adlanan irqi ayrı-seçkilik sisteminin hökm sürdüyü dövrə təsadüf edib.

Aparteid 1948-ci ildən dövlət siyasətinə çevrilmişdi. Həmin sistem dövründə ölkədə ağdərili azlıq hakimiyyətdə idi, qaradərili əhalinin isə hüquqları ciddi şəkildə məhdudlaşdırılırdı. İnsanlar irqi mənsubiyyətlərinə görə ayrı-ayrı ərazilərdə yaşamağa məcbur edilir, məktəblər və ictimai xidmətlər də bu bölgüyə uyğun təşkil olunurdu. Qaradərililərin siyasi həyatda iştirakı məhdudlaşdırılır, ayrı-seçkiliyə qarşı çıxan şəxslər təqib və həbs təhlükəsi ilə üzləşirdilər.

Hüquqşünas olmaq qərarı verir

Belə bir şəraitdə böyüyən Pillay hüquqşünas olmaq qərarına gəlir. O, Natal Universitetində hüquq təhsili alıb. Təhsil xərclərinin qarşılanmasında yerli hindistanlı icmasının nümayəndələri ona maddi dəstək göstəriblər.

1967-ci ildə Natal əyalətində öz hüquq bürosunu açan ilk qadın olub. O, irqi ayrı-seçkiliyə qarşı çıxan fəalları müdafiə etməyə başlayıb, siyasi məhbusların hüquqlarının qorunmasına çalışıb.

Pillayın fəaliyyəti həbsxanalarda işgəncə hallarının üzə çıxarılması və məhbusların hüquqlarının genişləndirilməsi ilə də yadda qalıb. O, Nelson Mandela və aparteidə qarşı mübarizə aparan digər şəxslərin müdafiəsinə töhfə verib.

Aparteid sistemi 1990-cı illərin əvvəllərində ləğv edilməyə başladı. 1994-cü ildə Cənubi Afrikada bütün irqi qrupların iştirak etdiyi ilk ümumi demokratik seçkilər keçirildi və Nelson Mandela ölkənin prezidenti seçildi.

Nelson Mandelanın müdafiəsindən Ali Məhkəməyə qədər

Pillayın hüquqşünas kimi fəaliyyətində əsas istiqamətlərdən biri siyasi təqiblərə məruz qalan şəxslərin müdafiəsi idi. O, aparteid dövründə məhbusların vəkillə görüşmək hüququnun təmin edilməsi uğrunda mübarizə aparıb.

1973-cü ildə onun səyləri nəticəsində Robben adasında saxlanılan məhbusların vəkillə görüşmək hüququnun təmin edilməsində mühüm irəliləyiş əldə edilib. Həmin həbsxanada Nelson Mandela da saxlanılırdı.

Pillay təxminən 28 il hüquqşünas kimi fəaliyyət göstərdikdən sonra 1995-ci ildə Cənubi Afrikanın Ali Məhkəməsinə hakim təyin edilib. O, bu vəzifəyə gələn ilk qaradərili qadın olub.

Bu təyinat onun şəxsi karyerasında mühüm mərhələ olmaqla yanaşı, aparteid rejiminin sona çatmasından sonra ölkənin hüquq sistemində baş verən dəyişikliklərin də göstəricisi idi.

Harvardda doktorluq dərəcəsi alıb

Navi Pillay ABŞ-nin Harvard Universitetində təhsilini davam etdirərək 1988-ci ildə hüquq elmləri doktoru dərəcəsi alıb.

O, həmçinin qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan “Equality Now” təşkilatının həmtəsisçilərindən biridir. Təşkilat qadınlara və qızlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir.

Beləliklə, Pillayın fəaliyyəti yalnız siyasi məhbusların müdafiəsi ilə məhdudlaşmayıb. Hüquqi bərabərlik və qadın hüquqları da onun əsas fəaliyyət istiqamətlərindən olub.

Qəzza ilə bağlı mövqeyi beynəlxalq mübahisələr yaratdı

Navi Pillayın fəaliyyəti yalnız hüquq sahəsindəki uğurları ilə deyil, mübahisəli beynəlxalq məsələlərdəki mövqeyi ilə də diqqət çəkib.

O, 2021–2025-ci illərdə BMT-nin İsrail və işğal olunmuş Fələstin əraziləri ilə bağlı müstəqil araşdırma komissiyasına rəhbərlik edib.

Komissiyanın 2025-ci ildə açıqladığı hesabatda İsrailin Qəzzada soyqırımı törətdiyi nəticəsinə gəlinib. İsrail bu ittihamları rədd edib.

Qeyd edək ki, komissiyanın hesabatı beynəlxalq məhkəmənin yekun hökmü deyil. İsrailə qarşı soyqırımı iddiaları üzrə Beynəlxalq Ədalət Məhkəməsində aparılan proses ayrıca hüquqi araşdırmadır.

Pillayın bu sahədəki fəaliyyəti beynəlxalq hüququn münaqişələrdə tətbiqi, mülki əhalinin müdafiəsi və dövlətlərin məsuliyyəti məsələlərini yenidən gündəmə gətirib.

Oğuz