Ayaq burxulması zamanı ilkin tibbi yardım
Ayaq burxulması, demək olar ki, hamımızın başına gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, burxulma ayaq oynağında yerləşən bağların (ligamentlərin) normadan artıq dartılması, gərilməsi və ya qopması ilə nəticələnən travmatik zədələnmədir. Bu zədələnmə adətən ayağın ani və düzgün olmayan hərəkəti nəticəsində, məsələn, qaçarkən, yeriyərkən, bərk yerə düşərkən və ya səhv addım atarkən baş verə bilər.
Burxulma ən çox topuq oynağında (ayaq biləyi) qeydə alınır. Bu zaman ayaq içəri və ya çölə doğru birdən-birə dönür və bağlar zədələnir.
Ayaq burxulmasının əsas səbəbləri bunlardır:
· Qeyri-sabit və ya sürüşkən səthdə yerimək və ya qaçmaq
· İdmanla məşğul olarkən səhv hərəkət
· Hündür daban ayaqqabılar
· Zəif əzələlər və ya əvvəlki zədələr
· Sərt idman və ya sərt hərəkətli fəaliyyətlər (basketbol, futbol, qaçış və s.)
1-ci dərəcəli burxulma- Ayaq bağlarında dartılma yüngüldür. Bu zaman ağrı, şişkinlik az olur və hərəkət etməkdə minimal çətinlik yaranır.
2-ci dərəcəli burxulma- Ayaq bağlarında qismən yırtılma müşahidə olunur. Ağrı və şişkinlik çox olur, göyərmə qeydə alınır, yerimədə çətinlik yaranır.
3-cü dərəcəli burxulma – Ayaq bağları tam qopur. Güclü ağrı, şiddətli şişkinlik, oynaq sabitliyinin itməsi ilə müşayiət olunur və yerimək mümkün olmur.
Ayaq burxulması zamanı düzgün ilkin tibbi yardım göstərilərsə, zədənin ağırlaşmasının qarşısı alınar və sağalma müddəti qısalar.
RICE metodu ayaq burxulması üçün ən effektiv və beynəlxalq olaraq qəbul olunmuş üsuldur:
R – Rest (Dincəlmək)
- Zədələnmiş ayağı hərəkətsiz vəziyyətdə saxlayın.
- Üstünə yük salmaqdan (yeriməkdən) çəkinin.
- Əgər mümkündürsə, oturun və ayağı yuxarı qaldırın.
I – Ice (Buz qoymaq)
- Ayağın burxulan nahiyəsinə buz və ya soyuq kompres tətbiq edin.
- Buzu birbaşa dəriyə qoymayın. Dəsmal və ya parça vasitəsilə tətbiq edin.
- Hər 2-3 saatdan bir, 15–20 dəqiqə buz qoymaq faydalıdır. Bu, şişkinlik və ağrını azaldır.
C – Compression (Sıxmaq)
- Qan dövranını kəsməmək şərti ilə elastik bandajla ayağı sarıyın. Bu, şişmənin qarşısını almağa kömək edir. Sarğı çox bərk olmamalıdır. Ayaqda uyuşma və ya göyərmə olarsa, sarğını boşaldın.
E – Elevation (Yüksəltmək)
- Ayağı ürək səviyyəsindən yuxarıda saxlamaq şişi azaltmağa kömək edir. Xüsusilə, ilk 24–48 saatda tətbiq olunmalıdır.
Əgər ağrı çoxdursa, ağrıkəsici dərmanlardan istifadə etmək məqsədəuyğundur. İlk 48 saatda isti kompres, masaj və hərəkət edilməməlidir. Çünki bu, şişi və qanaxmanı artıra bilər.
Qeyd: Güclü ağrı və ya şiş varsa, ayaq üstə qalxmaq, dayanmaq mümkün deyilsə, sümük qırığı şübhəsi varsa, 2-3 gün ərzində yaxşılaşma müşahidə olunmursa, mütləq həkimə müraciət edin!
Banu