Azərbaycanda sürücülər ən çox hansı yollarda cərimələnir? - Radarların sıx olduğu yerlər
Azərbaycanda sürücülərin ən çox radar cəriməsi aldığı ərazilər əsasən magistrallar və yüksək sürət həddinin tətbiq olunduğu avtomobil yollarıdır.
SAVASHMEDİA.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinə nəzarətin xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında gücləndirildiyini bildirib.
Hazırda radar nəzarətinin intensiv həyata keçirildiyi yollardan biri M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yoludur. Bu yolda quraşdırılan radarlar vasitəsilə sürət həddinə ciddi nəzarət olunur.
Bundan başqa, son günlər Xırdalan–Novxanı yolunda yeni nəsil orta sürət radarlarının quraşdırıldığı açıqlanıb. Bu sistemlər sürücünün yalnız radarın qarşısındakı sürətini deyil, iki nöqtə arasında orta sürətini də hesablayır. Buna görə də radarın yaxınlığında sürəti azaltmaq cərimədən yayınmağa kifayət etmir.
Baş Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib ki, bəzi sürücülər radarın olduğu nöqtədə sürəti azaldıb sonra yenidən artırırlar. Aparılan təhlillər göstərir ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz radar məntəqələri arasındakı sahələrdə baş verir.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, radarın yerini əzbərləməyə deyil, yol boyu müəyyən edilmiş sürət həddinə əməl etməyə üstünlük versinlər. Xüsusilə yeni tətbiq olunan orta sürət nəzarəti sistemləri sürətin bütün marşrut üzrə hesablanmasına imkan verir və qayda pozuntularını daha dəqiq müəyyənləşdirir.
Səlcuq